QƏRBİN RUSİYA İLƏ BAĞLI “2024 PLANI”... - Ukraynadakı müharibənin gələcəyi necə olacaq?
Putin müharibənin taleyinin ABŞ-ın əlində olduğunu yaxşı başa düşür
Rusiya ilə Ukrayna arasındakı müharibənin 22 aydır davam etməsinə baxmayaraq, hələ də heç kim bu qarşıdurmanın gələcəyi barəsində qəti fikir söyləyə bilmir. Cəbhədə böyük dönüş yarada biləcək hadisələr baş verməsə də, hər iki tərəfdən canlı qüvvə itkisi artır.
Qeyd edək ki, bu zaman Ukrayna ilə müqayisədə Rusiyanın canlı qüvvəsinin “əriməsi” prosesi daha sürətlə gedir. Ruslar yerlə yeksan olmuş şəhər tipli kiçik Maryinka qəsəbəsinin alınmasını sevinclə qeyd etsələr də bu, müharibənin gedişinə təsir göstərən hadisə sayıla bilməz.
Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin aktiv fəaliyyəti nəticəsində son bir neçə gündə Rusiyanın ən müasir 4 ədəd “Su-34” və bir ədəd “Su-30” qırıcı bombardmançı təyyarəsi, eləcə də Feodosiya limanındakı “Novoçerkassk” böyük desant gəmisi məhv edilib. Bu cür bahalı və məhdud sayda olan texnikaların məhv edilməsi Rusiya ordusu üçün böyük itkidir.
Bəs, bu münaqişənin gələcəyi necə olacaq? Bununla bağlı yalnız onu demək olar ki, bu müharibədə Qərbin rolu həlledicidir. Qərbin siyasi və hərbi isteblişmentinin liderləri Rusiyaya qarşı sərt addımlar atacaqlarını və Ukraynanı dəstəkləyəcəklərini söyləsələr də son aylar bu istiqamətdə tərəddüdlü davranırlar. Bunu nəzərə alanda münaqişənin dərinliyində başqa mətləblərin yatdığı aydınlaşır.
Böyük geostrateji çəkişməyə cəlb olunmuş Rusiya Ukrayna “problemi”ni həll etməyi özü üçün həyati vacib məsələ sayır.
Kremldən təlimat alan təbliğatçılar korpusunun uzun illər ərzində Ukrayna əleyhinə apardıqları qarayaxma, yalan və ekstremist çıxşlarına əsasən belə nəticə çıxarmaq olar ki, Rusiya rəhbərliyinin hazırkı strateji planı heç də 18-ci əsrdəki imperiya modelindən uzağa getmir.
Əlbəttə, iqtisadi-siyasi və mədəni baxımdan Rusiya ilə Ukraynanın vahid geosiyasi məkan təşkil etməsi məntiqlə rasional görünür. Amma qəribədir ki, ixtiyarında böyük maliyyə və kəşfiyyat resursları olan Rusiya Ukraynaya qarşı daim arxaik və müasir dövrlə ayaqlaşmayan üsullardan istifadə edib. 2014-cü ildə devrilən Viktor Yanukoviç Rusiyaya arxalanırdı və ölkəni Putin kimi idarə etməyə çalışırdı. Rusiya isə öz növbəsində Ukraynada özünə bənzər idarəetmə modelinin qurulmasının tərəfdarı idi. Artıq buradan bəlli idi ki, seçkilərdə mental baxımdan ikiyə bölünmüş Ukrayna mütləq Avropaya tərəf meyylənəcək.
Boris Yeltsin dönəmində neftin qiyməti aşağı olduğundan Rusiya “yaxın xaric” adlandırılan qonşularına münasibətdə aqressivlik göstərsə də, digərləri ilə müqayisədə daha güclü olan Ukraynaya qarşı sakit davranırdı. Həm də ki, 1994-cü ildə imzalanmış Budapeşt memorandumuna əsasən Ukrayna təhlükəsizliyinin təminatı müqabilində öz ərazilərindəki nüvə silahlarını çıxarıb Rusiyaya vermişdi.
Vladimir Putin hakimiyyətə gələndən sonra karbohidrogenlərin qiyməti yüksəldi, nəticədə Rusiya köhnə əyyamları yeni varinatda geri qaytarmaq arzusuna düşdü.
Bir çox hallarda Rusiyanın apardığı siyasəti əsasən Prezident Vladimir Putinlə bağlayırlar. Lakin unutmayaq ki, Rusiyanın genişlənmək, böyümək, yaxın ölkələri nəzarətdə saxlmaq siyasəti elə hər zaman olub. Bu, Rusiyadakı millətçilərin, imperiyaçıların xəstə təxəyyüllərindən heç zaman silinməyib.
Sadəcə, Putin indiki siyasəti ilə bir müddət yatmış olan bu meylləri həvəsləndirib, şirnikləndirib. Məsələn, rus şovinistlərinin bariz nümayəndələrindən biri olan “Ədalətli Rusiya” partiyasının həmsədri və Ukraynaya qarşı müharibənin qatı tərəfdarı olan yazıçı Zaxar Prilepin postsovet məkanındakı ərazilərin Rusiyaya birləşdirilməsini təklif edib. O, deyib ki, Rusiyanın Kiyevdə parad keçirməsindən sonra Avrasiyada Rusiyaya heç kim, heç nəyi qadağan edə bilməz. Rusiyada Prilepin kimi düşünənlərin sayı az deyil.
Rusiyanın apardığı geosiyasətin mahiyyəti yalnız zahiri olaraq dəyişib, əlverişli fürsət yaranan kimi onun imperiya xarakteri özünü açıq təzahür etdirir. Kreml tam mənası ilə hələ də anlamır ki, dünya artıq 100 il bundan öncəki ilə müqayisədə xeyli dəyişikliyə uğrayıb. İndi Rusiya zor gücü ilə Ukraynanın torpaqlarını zəbt etmək və onu özünə tabe etdirməyə çalışır. Bunun üçün müharibəni ən düzgün vasitə hesab edir. Ukraynanınsa arxası boş deyil və Qərb dünyası onu tam gücü ilə olmasa da maliyyə və hərbi resurslarla dəstəkləyir.
Deməli, artıq Rusiya təkcə Ukrayna ilə yox, eyni zamanda bütün parametrlərinə görə özündən dəfələrlə güclü olan NATO ilə qarşıdurmaya girişib.
Rusiya hələ NATO-nun tam və lazımi səviyyədə dəstəkləmədiyi Ukrayna ilə iki ilə yaxındır ki, döyüşməsinə baxmayaraq, heç cür strateji üstünlük qazana bilməyib.
Qəribəsi odur ki, Rusiyanın mərkəzi televiziya kanallarındakı təbliğatçılar və ştatalı analitiklər fəxrlə deyirlər ki, Rusiya Ukrayna ilə yox, ABŞ-nin rəhbərlik etdiyi NATO ilə mübarizə aparır. Lakin Vladimir Putin və onun əsabələri hər halda həqiqətin nədən ibarət olduğunu dərk edirlər və istər onlar, istərsə də ağıllı siyasi icmalçılar müharibənin gedişinin və taleyinin ABŞ-nin əlində olduğunu çox yaxşı başa düşürlər.
Bəzən Qərb analitikləri qəsdən elə təsəvvür yaratmağa çalışırlar ki, sanki indiyədək Amerikanın illərə hesablanmış strateji planı yox imiş. Putin isə əksinə, düşünlümüş hərəkət edibmiş. Şübhəsiz ki, Putin nələrisə fikirləşib və bəlkə də Rusiya ordusunu güclü bildiyi üçün Ukraynanın öhdəsindən tezliklə gələcəyini zənn edib. Həmçinin, hesablayıb ki, Rusiya Ukraynanı bir həftə ərzində “sındırsa” Qərb Kremlə qarşı daha yumşaq mövqedə dayanacaq.
Beləliklə, 2024-cü ildə kollektiv Qərbin Rusiya ilə əlaqədar hansı məqsədlər güddüyü aydınlaşacaq və müharibənin müqəddəratı da onların yekun qərarından asılı olacaq.
Döyüş meydanında insan resursuna güvənən Rusiyanı maliyyə ilgəyinə keçirmək Qərb üçün çətin problem deyil. İrəlidə Rusiyanın insan resursu da onun işinə yaramaya bilər. Çünki insan yığını hələ heç də güclü ordu mənasına gəlmir. Belə ki, Qərbdəki bir çox generallar Rusiya ordusunun qüdrətinin bir uydurma olduğunu vurğulayırlar.
Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis deyib: ”Rusiya Ukarynada ordusunun yarısını itirib və ABŞ bunu bir hərbçisini də itirmədən və illik hərbi büdcəsinin cəmi 5 %-i hesabına bacarıb”.
Vaqif Nəsibov