MTN-in "saatlı minası"nın növbəti qurbanı kim olacaq?

2016-cı ilin iyununda gununsesi.info-ya artıq ləğv olunmuş MTN bandası haqda müsahibəmdə iki məsələyə toxunmuşdum:
1. Keçmiş MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin törətdiyi çoxsaylı cinayətlərə rəğmən cəzasız qalmasına və yüksək səviyyədə himayə olunduğuna;

2. Mahmudov bandasının əlində 2.800-dək şantaj materiallarının olmasına.
O zaman çoxlu müzakirələr doğuran həmin müsahibədə deyilənlər kimsə tərəfindən qeyri-ciddi informasiya kimi qəbul olunsa da, amma bu gün hər iki məsələ üzrə ortada faktlar mövcuddur.

Mövlam Şıxəliyevin məhkəmə istintaqı az qala 20 gündür başa çatsa da və ona prokuror tərəfindən 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilsə də, məhkəmə hələ hökmü çıxarmağa tələsmir. Ümid edək ki, bu, tezliklə baş verəcək və Şıxaliyev digər cinayət şəriki Akif Çovdarov kimi hansısa bəhanə ilə azad olunmayacaq. Amma ümidlə doymaq olmur.

Müsahibədə qabardılmış ikinci məsələ də zaman-zaman özünü göstərməkdədir: Eldar Mahmudovun "kompromat sandığı" aradabir açılıq və ordan nələrsə çıxarılaraq "zəhmətkeşlərin müzakirəsinə" ötürülür. Amma həmin müzakirələrdə sual olunmur ki, həmin sandıqdan istifadə edən kimdir? Halbuki əsas sual elə bu olmalıdır.

7 ilə yaxındır "vurulmuş", əslində isə heç "gözünün üstündə qaşı olduğu" da deyilməyən Mahmudovun özüdür yoxsa...?
Əlbəttə ki, yoxsa. Bu gün Mahmudov vaxtilə yerləşdirmiş olduğu "saat mexanizmli minaları" partlatmaq iqtidarında deyil, amma gördüyümüz kimi onlar partlamaqdadır və...

... və hər dəfə daxili çəkişmələr, mövqelər uğrunda mübarizə şiddətlənən kimi nələrsə ortaya çıxarılır, kimlərəsə eyhamlar vurulur, mesajlar verilir. Bütün bunların isə kim tərəfindən edildiyini tapmağın yolu olsuqca sadədir, çünki nəsə baş verirsə demək, bu, kiməsə lazımdır. Odur ki, səbəb-nəticə əlaqəsindən istifadə etməklə "o, əlahiddə Kim kimdir?" sualının cavabını tapmalıyıq.

Ona görə ki, bu gün Mahmudovun xidmətlərindən istifadə edən həmin Kim onu himayə edəndir, onun cinayətkar dəstəsinin üzvlərini müxtəlif bəhanələrlə həbsdən çıxarandır, ölkədəki ən iyrənc cinayət üsullarını siyasi mübarizə vasitəsinə çevirəndir və nəhayət, Tərtər canilərini layiqli cəza almaqdan qoruyandır.
Odur ki, əsas sual da budur: "kimdir o, Kim?"

Ərəstun Oruclu