Şarl Mişel gedir, Orban gəlir...
Aİ-də dəyişikliklər ili: Şarl Mişel gedir, Orban gəlir. Amma dərhal yox...
AzadlıqRadiosunun Avropa İttifaqı işləri üzrə müxbiri Rikard Jozviyak yazır ki, ittifaq üçün yeni il Avropa Şurasının prezidenti Şarl Mişelin sensasiyalı bəyanatı ilə başlanıb. O Belçika mediasına müsahibəsində deyib ki, iyun ayında Avropa Parlamenti seçkilərinə qatılacaq.
Bu isə deməkdir ki, Mişel hazırda tutduğu vəzifədən istefa verməli olacaq.
Şarl Mişel Avropa Şurasının ən fəal rəhbərlərindən biri sayılır. O, ötən iki ildə, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderlərini danışıqlar masasında bir araya gətirib.
Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə tərəflərinin mövqelərini son dərəcə yaxınlaşdıran bəyanatları Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyevlə danışıqlarından sonra verib.
Baş nazir Azərbaycanın Qarabağ da daxil ərazi bütövlüyünü belə görüşlərdən biri zamanı tanıdığını deyib.
Lakin Avropa İttifaqında gözlənilən dəyişiklik təkcə Mişelin vəzifəsindən mümkün gedişi deyil.
Məsələ burasındadır ki, bu il iyulun 1-dən Avropa Şurasında rotasiyalkı sədrlik 6 ay müddətinə Macarıstana keçəcək.
Ötən il, Rusiyaya qarşı sanksiyalar, İsveç və Finlandiyanın NATO üzvlüyünə namizədliyi və ən mühümü Ukraynaya hərbi və maliyyə yardımları sahəsində fərqli mövqe tutan və konsesusu pozan ölkənin baş naziri Viktor Orban AŞ-yə sədrlik edəcək.
Bu il ərzində Avropa İttifaqındakı üç mühüm vəzifənin – Avropa Komissiyasının prezidenti, Avropa Şurasının sıdri və Avropa İttifaqı xarici işlər komissarının vəzifələri bölüşdürüləcək. Bu isə qədər də asan məsələ deyildir. 2019-cu ildə Şarl Mişel, Ursula von der Leyen və Jozep Borrel üçlüyü müəyyənləşdiriləndə Şərqi Avropanın payına sanballı vəzifə düşməmişdi. Jozviyakın fikrincə bu dəfə Brüssel bu balansı düzəltməyə çalışacaq.
Orban niyə veto qoya bilməyəcək?
Çoxluğu Avropa İttifaqına üzv ölkələrdən ibarət NATO-nu da dəyişiklik gözləyir. Baş katib Yens Stoltenberq onillik müddətdən sonra bu oktyabrda postundan gedəcək. Onun xələfi isə NATO-nun 9-11 iyulda Vaşinqtonda keçiriləcək sammitinə qədər bəlli olmalıdır.
Müxbir yazır ki, digər təsəlli Aİ-dəki vəzifələrə seçkilərin adi çoxluqla keçirilməsdir. Bu isə o deməkdir ki, kiminsə vəzifəyə seçilməsi üçün Avropa deputatlarının Avropa əhalisinin 65 faizini təmsil edən 55 faizinin səsi kifayətdir. Başqa sözlərlə Orban bu məsələdə özünün veto hüququndan istifadə edə bilməyəcək.
Avropa Şurasının sədri Şarl Mişelə gəlincə isə onun mandatı faktiki olaraq noyabrın 30-da bitir. Əgər qaydalar dəyişərsə, AŞ-nin yeni prezidenti artıq bu yay vəzifəsinə başlaya bilər. Orban burda da veto hüququna malik olmayacaq, çünki yenə də adi çoxluq tələb olunur.