Fransa Senatı Azərbaycana sanksiya tətbiq etməyə çağırır
Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Qətnamədə Azərbaycanın "Qarabağa qarşı hərbi təcavüzü" pislənir və "Ermənistanın ərazi bütövlüyünün pozulmasının qarşısının alınması"na çağırış edilir.
Bundan başqa erməni əhalinin "Qarabağa qayıdışı hüququ"nun təmin edilməsi üçün təminat tələb olunur.
Qətnamədə həmçinin Azərbaycandan qaz idxalına qadağa qoyulmasına çağırış edilir. Fransa hökumətindən istənilir ki, Azərbaycanın tezliklə sülh prosesinə qayıdışı yönündə tədbirlər görsün.
Rəsmi Bakı hələlik, bu qətnaməyə mövqeyini bildirməyib. Ancaq Azərbaycan hökuməti Fransanın siyasətini ermənipərəst hesab edir və bu ölkənin Azərbaycanın daxili işlərinə qarışdığını bildirir.
İki ölkə arasında münasibətlər son aylarda gərginləşib. Bu yaxında tərəflər bir-birinin diplomatlarını arzuolunmaz şəxs elan ediblər.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycağn Ordusu həmin 7 rayona, Qarabağın isə bir hissəsinə işğaldan azad etmişdi.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda lokal antiterror tədbirlər elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.