HƏMAS İSRAİLƏ HÜCUM SƏBƏBİNİ AÇIQLADI – “Mülki insanları hədəf almağımız böhtan və yalandır”
HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı başladılan “Əqsa tufanı” əməliyyatıyla bağlı hesabat dərc edib.
Hesabatda İsrailə qarşı hücumun niyə həyata keçirildiyi də açıqlanıb.
İsrailin iddialarını təkzib etmək və faktları üzə çıxarmaq məqsədi ilə hazırlandığı bildirilən hesabatda qeyd olunur ki, “Əqsa tufanı”nda məqsəd İsrailin Fələstin davasını ləğv etmək, torpaqlarını ələ keçirmək, yəhudiləşdirmək və tam hökmranlıq qurmaq planlarına qarşı çıxmaq olub.
Hesabatda həmçinin qeyd edilib ki, “Əqsa tufanı” “Qəzza zolağındakı blokadanın aradan qaldırılması ilə yanaşı, işğaldan qurtulmaq, milli hüquqların bərpası, müstəqillik və öz müqəddəratını təyin etmək üçün təbii bir addımdır.
HƏMAS-ın yarandığı gündən bəri mülki insanları hədəf almaqdan qaçdığı bildirilən hesabata görə, əməliyyat zamanı İsrailin təhlükəsizlik və hərbi sisteminin tam və sürətlə çökməsi səbəbindən xaos yarana bilər.
Xəbərdə, "Əqsa tufanı" zamanı HƏMAS-ın İsrail vətəndaşlarını hədəf alması ilə bağlı ittihamlara da toxunulub:
“Mülki insanları, xüsusilə də qadın, uşaq və qocaları hədəfə almaqdan çəkinmə HƏMAS üzvlərinin əxlaqi və dini tərbiyəsinin tələbidir. Qəssam üzvlərinin oktyabrın 7-də mülki insanları hədəf alması iddiası böhtan və yalandır. Bunları iddia edənlər İsrail mənbələridir. Bunu təsdiqləyən müstəqil mənbə yoxdur. Həmin gün çəkilən videolar və israillilərin açıqlamaları sonradan dərc olunub. Mülki şəxslərin əksəriyyəti İsrail polisi və hərbçiləri tərəfindən öldürülüb”.
Hesabatda ABŞ və Avropa ölkələrinin İsrailin Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmasına qarşı çıxmasına da toxunularaq, “xüsusilə ABŞ, Almaniya, Kanada və Böyük Britaniya ədalətə həqiqətən inanırlarsa, Fələstində törədilən bütün cinayətlərin araşdırılması üçün məhkəmə prosesini dəstəkləyəcək” deyə bildirilib.