Regionlarda sosial gərginlik niyə artır?

Vahid Məhərrəmli

Bölgələrdə yaşayan əmək qabiliyyətli əhalinin çoxu işsiz qalıb, heç bir yerdə çalışmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş 4 dövlət proqramları çərçivəsində yerlərdə parklar salındı, heykəllər, dövlət bayraqları ucaldıldı, idman kompleksləri, muzeylər, mərkəzlər inşa edildi, yollar təkrar-təkrar təmir olundu və sair. Dövlət büdcəsindən 120 milyard dollar vəsait ayrılsa da bunun bölgələrdə yaşayan əhaliyə heç bir faydası olmadı. Kənd təsərrüfatında mövcud olan problemlər aradan qaldırılmadı. Yaranmış vəziyyətdən məmur-oliqarxlar bəhrələnə bildilər. Onlar böyük təsərrüfatlar yaratdılar, kəndlilərin istifadəsində olan örüş sahələrini, təbii biçənəkləri, pay torpaqlarını alıb özününküləşdirdilər. Kəndliləri gəlirlərindən məhrum etdilər. Yeni iş yerləri də açmadılar ki, işsiz qalan əhali sosial durumunu təmin etmək üçün işləsin. Məhsul istehsalında, satışında mövcud olan problemlər aradan qaldırılmadı. Kəndlinin istehsal etdiyi məhsulun bazara çıxışı məhdudlaşdırıldı. Bazar inhisarçıların əlinə keçdi
Hökumət regionların sosial-iqtisadi inkişafı adı altında daha çox oliqarx-məmurların bizneslərinin inkişafına imkan yaratdı, bu istiqamətə cürbəcür, dolayı yollarla maliyyə resursları ayırdı. Məmur-oliqarxların qeyri-qanuni yollarla əldə etdikləri torpaq ərazilərinin, əkin sahələrinin suvarma təminatı ödənildi, yeni texnika, texnologi avadanlıqların əldə olunmasında, xaricdən cins mal-qaraların gətirilməsində yardım edildi. Ona görə də çox ciddi narazılıqlar var, insanlar işdən məhrum olublar. Zavod, fabrik, emal müəssisələri yoxdur, hamısı bağlanıb. Əvvəllər kəndlərdə un dəyirmanları var idi. Fermerlər istehsal etdikləri buğdanın bir hissəsini həmin dəyirmanlarda üyüdüb özləri üçün çörəkbişirmədə istifadə edirdilər. Sonradan həmin dəyirmanları dağıtdılar. İndi buğda istehsal edən fermer, əkinçi məcburiyyət qarşısında qalıb çörəyi, unu baha qiymətə satın alır. Ölkədə un, çörək istehsalını da inhisarçılar öz əllərində cəmləşdiriblər. Buğda idxalını, un istehsalını ələ almış inhisarçılar ölkə daxilində həmin məhsulları dünya bazarındakı qiymətlərdən 30-40 faiz baha qiymətə təklif edirlər. Bu və digər səbəblərdən regionlarda sosial gərginlik artır.