AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırıla bilər

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə deputatlar "təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

AŞPA-nın saytında deyilir ki, bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib.

O, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini bildirib.

Şvabe 2023-cü ildə Azərbaycanın AŞPA məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də xatırladıb.

Bu da xəbər verilir ki, təklif Assambleyanın azı beş milli nümayəndə heyətinin azı 30 üzvü tərəfindən dəstəklənib. Bunu təklifin qəbul olunması üçün Qaydalar tələb edir.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Üç mümkün variantdan biri

İclasa sədrlik edən Emmanuelis Singeris deyib ki, bu təklifin qiymətləndirilməsilə AŞPA-nın Monitorinq Komitəsi məşğul olacaq.

Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra AŞPA bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.

Qeyd olunur ki, bu Qaydalara görə üç variantdan birinə səs veriləcək: nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənəcək, təsdiqlənməyəcək və ya müəyyən şərtlərlə təsdiqlənəcək.

Məsələn Azərbaycan nümayəndə heyətinin Assambleya və onun qurumlarının iştirakında bəzi hüquqları ləğv oluna bilər.

Beləliklə Assambleya qərar qəbul edənədək Azərbaycan nümayəndə heyəti başqa nümayəndə heyətləri ilə yanaşı iclaslarda iştirak edə bilər.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti öz səlahiyyətlərinə dair məsələnin müzakirəsi və səsverməsində iştirak edə bilməz.

Azərbaycan hələlik, AŞPA-da səslənən təklifə rəsmi münasibət açıqlamayıb. Ancaq bu xəbər yayılandan sonra yerli hökumətyönlü mediada baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı “qisas cəhdi” adlandırılır, Azərbaycanın “hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacının olmadığı” deyilir.

Ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından çıxması variantının da gündəmə gələ biləcəyi bildirilir.

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Laçın dəhlizi ötən ilin iyunundan bağlı idi. Azərbaycan bildirirdi ki, Laçın postunu bu dəhlizlə Qarabağa qanunsuz yüklərin daşınmasının qarşısını almaq üçün bağlayıb. Ötən sentaybrda Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa edib.

Son həftələrdə Azərbaycanda bir sıra müstəqil jurnalistlər və fəallar saxlanıb və ya həbs edilib. Azərbaycan beynəlxalq tənqidlərə baxmayaraq heç kəsin siyasi baxışlarına görə həbs olunmadığında israr edir. Rəsmi Bakı bildirir ki, ölkədə siyasi məhbuslar yoxdur və insan haqlarına riayət edilir.

AŞPA bundan əvvəl məhdudlaşdırıcı tədbirləri Ukraynaya hərbi müdaxilə etmiş Rusiyaya tətbiq edib.