Fahrettin Altun: “Türkiyə dezinformasiya ilə mübarizədə Azərbaycana dəstəyi davam etdirəcək”
“Türkiyə dezinformasiya ilə mübarizə sahəsində Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edəcək”.
Bu barədə APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.
O qeyd edib ki, bu məsələdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə koordinasiyalı şəkildə çalışırlar:
“Bizim üçün dost və qardaş ölkə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq və paylaşılan yalan xəbərləri ifşa etmək çox vacib, təməl məsələdir. Bu həm qardaşlığımızın göstəricisi, həm də həqiqətin təzahürüdür”.
Fahrettin Altun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz qaldığı ittihamları şərh edərək, vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalırlar.
“Biz bu dezinformasiyaya qarşı və həqiqət uğrunda mübarizə aparmağa birlikdə davam edəcəyik”, - F.Altun əlavə edib.