Vəziyyət ürəkaçan deyil

 

İlham Əliyevin İtaliyanın "Il Sole 24 Ore" qəzetinə müshibəsində belə bir məqam var: "Mən deyirdim ki, biz bir neçə ay ərzində bu işi başa çatdıra və sülh sazişini (Ermənistanla) imzalaya biləcəyik"...

Əlbəttə, bu, çox optimist bəyanatdır. Ancaq keçmiş Dağlıq Qarabağla bağlı son günlər xoşəgəlməz hadisələr baş verir. Milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə gəlib. Amerika Konqresində qondarma Artsaxın "xarici işlər naiziri" çıxışa hazırlaşır. ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşa səfərindən rəsmən imtina edirlər. Keçmiş Dağlıq Qarabağ ərazisində erməni yaraqlıları Rusiya "pisməramlıları" ilə birlikdə yenidən yanbayan dayanıb...

Belə bir fonda bir neçə aydan sonra sülh müqaviləsinin imzalanacağı inandırıcı görünmür. Təbii ki, biz Türkiyə ilə birlikdə bütün imkanlarımızı səfərbər etməliyik ki, Ermənistanla mümkün qədər tez sülh müqaviləsi imzalansın. Ermənilər isə bölgədə qüvvələr nisbətinin dəyişəcəyi ümidi ilə prosesi uzatmağa çalışır...

Bölgədə vəziyyət dəyişə bilərmi? 2023-cü ildə Türkiyədə prezident seçkisi keçiriləcək. Yəni cənab Ərdoğan nəzəri baxımdan prezident seçilməyə də bilər. Başqa sözlə desək, Türkiyə-Azərbaycan münasibətlərində indiki yüksəlişin tənəzzüllə əvəzlənməsi mümkündür...

Daha bir önəmli faktor bölgədə vəziyyəti dəyişə bilər. Belə ki, ABŞ və Farnsanın təhriki ilə Türkiyəyə barmaq silkələyən Yunanıstan davakar davranış sərgiləyir. Türkiyəyə F-35 qırıcılarını pulla satmaqdan imtina edən ABŞ Yunanıstanı pulsuz-parasız silahlandırır. Bir vaxtlar Rusiya da Ermənistanla bağlı eyni siyasəti yeridirdi. Rəsmi Moskva ermənlərdən Azərbaycana qarşı istifadə edirdi, ABŞ da yunanlardan Türkiyəyə qarşı yararlanmaq istəyir...

Yunanıstanla Türkiyə arasında müharibənin başlama ehtimalı var. Düzdür, Rusiya-Ukrayna müharibəsi dönəmində ABŞ-ın buna yaşıl işıq yandırması az ehimal olunur. Amma bunu istisna etmək də olmaz...

O da aydındır ki, Yunanıstan-Türkiyə müharibəsi əslində Qərb-Türkiyə müharibəsi olacaq. Rusiya-Ukrayna müharibəsində olduğu kimi...

Türkiyə Yunanıstanla müharibəyə başlasa, Azərbaycanın kənarda qalması mümkün olmayacaq. Bu isə Ermənistana keçmiş Dağlıq Qarabağda təşəbbüsü ələ almaq üçün əlavə rıçaqlar verəcək...

O da aydındır ki, belə bir fonda İran da Türkiyə və Azərbaycana qarşı əlindən gələn bütün pislikləri həyata keçirəcək...
Orası da var ki, Türkiyə və Azərbaycanı bu kimi dağıdıcı proseslərdən uzaq tutmaq üçün Ərdoğan-Əliyev tandeminin kifayət qədər siyasi təcrübəsi var.

Ancaq bölgədə vəziyyət ürəkaçan deyil...