Xəzərdə gəminin qəzaya uğradığı

Yanvarın 26-da axşam saatlarında Xəzərdə gəminin qəzaya uğradığı bildirilir.

Gəminin sərnişinlərindən biri Rəşad Bayramov “Turan”a bildirib ki, SOCAR-a məxsus platformaların birində çalışır: "Növbəmiz başa çatmışdı, evə getməli idik. Əraziyə günortadan sonra gəmi gəlib, həmin gəmi getdi bir neçə platformanı dəyişdi və sahilə doğru qayıdırdı. Sonra ona tapşırıq gəldi ki, ‘Ələt tərəfdə xəstə var, qayıt, onu götür’. Əslində o getmək istəmirdi, amma tapşırıqdan çıxa bilmirdi".

R.Bayramov qeyd edib ki, gecə vaxtı həmin yollar təhlükəlidir: "Çünki orada köhnə, sovetdən qalma estakadalar var ki, onların üstünü kəsib ‘metallom’ kimi götürüblər, altı isə suyun altında qalıb. Gəmi bir az getdi, girdi hansısa platformanın ayağına, başdan ayağa cırıldı. Dəqiqələr içində su doldu gəminin aşağısına".

Onun sözlərinə görə, suya xilasedici sallar atılıb və sərnişinlərin hamısı onların üstünə atılıb. Fövqəladə Hallar Nazirliyinə, digər qurumlara zəng vurulub və yaxında olan gəmilər gəlib onları götürüblər: “Şükür ki, itib-batan olmayıb. Gəmini isə başqa gəmi ‘buksirə’ götürüb apardı".