NATO rəsmisi: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”

“Davamlı sülhə xidmət edən əlaqələrin normallaşması sülhün vacib elementidir və biz bunun üçün mübarizə aparacağıq. Biz bu sənədin imzalanmasını dəstəkləyəcəyik”.

Bu açıqlamanı Ermənistan mətbuatına verdiyi müsahibədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

O qeyd edib ki, NATO rəsmi Bakı ilə İrəvan arasında danışıqların mümkün qədər tez bərpa olunmasını istəyir.

“Bizim siyasət çox sadədir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. BMT-nin Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmursa, tərəfdarlarımız arasında fərq qoymuruq”.

X.Kolomina danışıqların müxtəlif formatlarda - ikitərəfli, ABŞ və Avropa İttifaqının iştirakı ilə - olduğunu bildiklərini vurğulayaraq deyib ki, NATO üçün ən vacibi yekun nəticə, sabitliyin, sülhün olub-olmayacağıdır:

“Çünki bu, Qafqazda sabitlik üçün çox vacibdir”.

NATO nümayəndəsi müsahibəsində Türkiyənin regiondakı roluna da toxunub:

“Türkiyənin çox spesifik regional və coğrafi mövqeyi var və bu səbəbdən bizə onların xarici siyasəti haqqında danışmağa icazə verilmir. Lakin onlar NATO-nun prinsiplərinə tamamilə sadiqdirlər”.