“Lavrovla razılaşsaq, Zəngəzurdan çıxacağıq” - Melkonyan

Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qaqik Melkonyan deyib.

Deputatın Rusiya xarici işlər naziri Lavrovun Azərbaycanın Rusiyada sülh müqaviləsi imzalamağa razı olduğu, Ermənistanın isə hələlik dəqiq mövqe bildirmədiyi barədə bəyanatına münasibəti belə olub:

“Yenə bizi Rusiyaya çəkir, çünki bizə qarşı tələlər qurub. Yenidən tələyə salmaq istəyirlər. Buna görə deyir ki, Azərbaycan razıdır, sən niyə razı deyilsən? Lavrovun dedikləri ilə razılaşan kimi, o gündən Zəngəzurdan geri çəkilməliyik”.

Melkonyanın iddiasına görə, Rusiya Zəngəzur dəhlizini saxlaya bilməyəcək, bu səbəbdən nəzarət Azərbaycana keçəcək.

Deputat Rusiyanın Ermənistana köhnə silah satmasından da şikayətlənib:

“İllərdir pulunu əvvəldən ödədiyimiz silahları vermədi. Ukraynada müharibə aparan Rusiya bizə hansı silahları verməlidir: 1980-ci illərin silahları və bu gün işləməyən texnikaları? Azərbaycan müasir silahlar alır, biz 80-ci illərin silahlarının dalınca gedirik.

Rusiya Ermənistana kömək etməyə hazır olduğunu göstərir. Bu yardım bizə baha başa gələcək, Zəngəzur dəhlizində üstümüzdə oturacaq”.