Mina partlayışı nəticəsində yaralanan Tərtər sakininin son durumu AÇIQLANDI - YENİLƏNİB
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 4 fevral tarixində Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.
Qurumdan bildirilib ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayon Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə zərər çəkib.
Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır!
18:40
Fevralın dördündə saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.
Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.
18:35
Tərtər sakini minaya düşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın dördündə saat 17 radələrində əvvəllər təmas xətti olmuş rayonun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əliyevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.