Bu il hər adama düşən xərclərə görə biz Cənubi Qafqazda axrıncıyıq

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanununa görə, bu il Azərbaycanın büdcə xərcləri 36 milyard 763 milyon manat olacaq. Bu, indiki məzənnə ilə 21.6 milyard dollar deməkdir. Digər Cənubi Qafqaz ölkələri ilə müqayisə etdikdə bəlli olur ki, büdcə xərclərinin toplam həcminə görə Azərbaycan Gürcüstan və Ermənistanı qabaqlayır. 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 3.2 milyard dram - Ermənistan Mərkəzi Bankının indiki məzənnəsi ilə təxminən 7.9 milyard dollar olacaq. Gürcüstanda isə 2024-cü ildə büdcədən 24.2 milyard lari, yəni rəsmi məzənnə ilə təxminən 9.1 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Rəqəmlərdən göründüyü kimi, dövlət büdcəsinin toplam xərcləri baxımından Azərbaycanın göstəricisi Ermənistan və Gürcüstanı qabaqlayır. Di gəl, ölkənin hər vətəndaşına düşən büdcə xərcləri baxımından vəziyyət fərqlidir. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2023-cü il yanvarın 1-nə Azərbaycanın əhalisi 10 milyon 127 min nəfərə bərabərdir. Yəni, ölkədə büdcə xərcləmələrinin 21.7 milyard dollar olduğunu nəzərə alsaq, ölkədə adambaşına düşən büdcə xərci 2 min 130 dollardır.

Rəsmi rəqəmlərə görə, Ermənistanın 2023-cü ilin əvvəlinə olan əhali sayı 2 milyon 977 min nəfərdir. Ermənistanın büdcə xərclərinin 7.9 milyard dollar olduğu nəzərə alınsa, bəlli olur ki, bu il Ermənistanda adambaşına düşən büdcə xərclərinin məbləği 2 min 650 dollar səviyyəsində olacaq. Gürcüstanda isə 2024-cü ildə büdcə xərcləri 9.1 milyard dollar, əhali sayı 3 milyon 736 min nəfərdir. Deməli, adambaşına düşən büdcə xərci 2 min 435 dollardır. Hesablamalarda 2023-cü ilin əvvəlinə olan əhali sayının nəzərə alınması 2023-cü illə bağlı yekun rəqəmlərin açıqlanmaması ilə bağlıdır.

Qeyd edilən rəqəmlərdən göründüyü kimi, 2024-cü ildə Cənubi Qafqaz ölkələrində toplam büdcə xərcinin məbləği baxımından Azərbaycan (21.6 milyard dollar) Ermənistan (7.9 milyard dollar) və Gürcüstanı (9.1 milyard dollar) qabaqlayır. Ancaq əhalinin hər nəfərinə düşən büdcə xərcinin məbləğinə görə Azərbaycan (2 min 130 dollar) Gürcüstandan (2 min 435 dollar) 14 faiz, Ermənistandan (2 min 650 dollar) isə 24 faiz geri qalır.