Bakıda həmyerlisini öldürən Çin vətəndaşı apellyasiya şikayəti verdi
Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 6-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul olunub.
İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalıb. Keçən il iyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Lianginin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəminində Lianginin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. O, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.