İşçinin əmək haqqı gecikərsə...

İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir, gecikdirildiyi halda işçilərin hüququ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə necə tənzimlənir, işçiyə dəyən maddi və digər ziyan necə ödənilməlidir?

1. Əmək haqqının ödənilməsi ilə əlaqədar işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən dəymiş ziyanı və ya fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyənedilmiş dəyən maddi və digər ziyanı işçiyə tam məbləğdə ödəməlidir.

2. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans və qalan hissəsi məbləğində) on altı gündən çox olmamaqla vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

3. Əmək Məcəlləsi tələbləri pozulmamaqla, Kollektiv müqavilə və əmək müqaviləsində işçilərə əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

4. Əmək haqqının verilməsi günü: istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

5. İşçi işdən çıxarkən ona düşən bütün əmək haqqı və son haqq hesablar tam məbləğdə işdən çıxdığı son gün verilir.

6. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, gecikdirilmiş hər gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənş verilməlidir.

7. Əmək müqaviləsi ləğv edilmiş işçiyə əmək kitabçası sonuncu iş günü işçiyə verilməzsə, işəgötürənin təqsiri üzündən ləngidilərsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.

8. Əmək haqqlarının «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində: hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülür.

9. İşçilərin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət, ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsan istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər üçün yeddi yüz manatdan min beş yüz manata qədər məbləğdə cərimə nəzərdə tutulur.


Azər Quliyev.