Dövlət büdcəsinin xərcləri 15,3 milyard manat olub



Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat, xərcləri 15 milyard 334,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, büdcənin icrasında 2 milyard 564,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,5 faizi qədər profisit yaranıb.

Yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 14 milyard 289,2 milyon manat, xərcləri isə 12 milyard 936,6 milyon manat təşkil edib. Daxilolmaların 23,6 faizi əlavə dəyər vergisi, 20,8 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5 faizi fiziki şəxslərin gəlir vergisi, 4,2 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 2,1 faizi vergilərin digər növləri, 37,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.

Büdcə vəsaitlərinin 21,39 faizi təhsil və səhiyyənin, 18,81 faizi iqtisadi fəaliyyətin, 14,77 faizi ümumi dövlət xidmətlərinin, 14,65 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,83 faizi sosial müdafiə və sosial təminatın, 17,55 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.