Dərdlərə dərman olan camış ətini niyə SEVMİRİK? - Mütəxəssisdən MARAQLI AÇIQLAMA
Ölkəmizdə dana və qoyun əti daha çox sevilir və yeyilir. Ancaq paytaxtın bəzi satış nöqtələrində alıcılara mal əti adı ilə camış əti satılır.
Bəs camış ətini dana ətindən fərqləndirən nədir?
Camış ətinin tərkibində zülallar və asan mənimsənilən dəmir komponentləri olduğu üçün dadına görə də dana ətindən fərqlənir. Elə rənginin tünd-qəhvəyiyə çalan qırmızı olması da tərkibindəki dəmir tərkibli birləşmələrlə izah edilir.
Lakin ölkəmizdə bu ətə maraq daha azdır. Bunu bəzən təbii otlaqlarda otlayan, bataqlıqlarda yatan camışların ətindən gələn özünəməxsus qoxu ilə əlaqələndirirlər.
Bəs ağız dadına o qədər də uyğun olmayan camış ətinin hansısa fəsadı varmı?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya deyib ki, mal xəstə olduqda hansısa fəsad yarada bilər:
“Həm qırmızı ət (mal, qoyun), həm də quş əti, balıq ətindən istifadədə coğrafi amil öz sözünü deyir. Bəzi restoranlarda camış ətindən istifadənin aşkar olunduğu deyilir. Aşkar olunsa belə, bu, birmənalı şəkildə camış ətinin zərərli olması demək deyil. Çünki əgər heyvan yemək üçün bəslənilibsə, təmiz, sağlamdırsa, xəstə heyvan deyilsə, insan orqanizminə heç bir fəsad verə bilməz. Həmçinin, gündəlik istifadədə bu kimi ətlərdən istifadə olunmayıbsa, yediyin zaman həzmi çətin ola bilər. Fəsadları bundan ibarətdir”.
Məhsəti Hüseynovanın sözlərinə görə, yol qırağında satılan bəzi qidaların hazırlanmasında ucuz ətlərdən istifadə olunur:
“Bu gün restoranlarda, ictimai iaşə obyektlərində, eyni zamanda, yol kənarında satılan dönərlər və yaxud da digər ətdən hazırlanan məhsullar var. Ucuz olsun deyə bəzən ənənəvi olmayan ət və eşşək ətindən istifadə olunur. Bu da hər hansı kənd təsərrüfatında istifadə olunan və yaxud südlük saxlanılan heyvanlardır ki, yaşlandıqda və xəstə olduqda ucuz qiymətə satılır. Belə olan halda xəstə heyvan ətindəın insan orqanizminə müəyyən xəstəliklərin keçməsi mümkündür.
Həzm prosesindəki problemlər həssas qrupdan olan insanlarda, xroniki xəstəlikləri olanlar, azyaşlı uşaqlar və yaşlı insanlarda daha tez özünü büruzə verir. Müəyyən allergik reaksiyalara, zəhərlənmələrə, ağırlaşmalara gətirib çıxarır. Ona görə də ət məhsullarını mütləq şəkildə mənşəyi bəlli olan yerdən əldə etmək tövsiyə olunur. Xüsusilə, çəkilmiş ətlərdən istifadə etməmək vacibdir”.
Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə “kasıb insanların zülalı” deyilir.
Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.), makro və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.), ekstraktiv maddələr və fermentlərlə zəngindir.
Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır.
Tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır; hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir; az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklərindən qorunmaq məqsədilə istehlak edilməsi tövsiyə olunur və orqanizmdə zərərli xolesterolun miqdarını azaltmaqla piylənmənin qarşısını alır.