Marketlərin “9” rəqəminə sevgisi
Hörmətli redaksiya Beyləqan rayonunun bütün marketləri “9” rəqəmini çox sevir. Ona görə bütün satış ərzaqlarının və yaxud digər mallarının qiymətinin axır rəqəmləri “9”-la tamamlanır. Məsələn, 09, 19, 29, 39, 49, 59, 69, 79, 89, 99. Mən bir müəllim olaraq bu rəqəmləri tədris etmişəm. Yəni, şagirdlərə bu rəqəmlərin yazılış qaydalarını öyrədəndə 2, 3, 5, 7, 8 uşaqlar tərəfindən bir az çətin qavranılırdı – uşaqlar bu rəqəmləri yazmağı çətinliklə öyrənirdi. Amma bu gözəl “9”-u yazmağı asanlıqla öyrənirdilər. Deyirəm, indi bəlkə ona görə bu “9” rəqəmi marketlər tərəfindən çox sevilir.
Bunları deməkdə məqsədim odur ki, bütün marketlərdə: “Ay” market, “Al” market, “Bol” market, “Oba” market, “Spar” market, “Sizin” market, “Bizim” marketlərdə “9” rəqəmi sevilərək bütün malların qiymətlərinin axırında yazılır. Biz o biri rəqəmlərin haqqına giririk axı... Qoy 91, 92, 93, 94, 95, 96, 97, 98, 99 da yazılsın. Hər neçə yazsaıar da Beyləqan rayonunda fəaliyyət göstərən marketlərdə 10 qəpikdən kiçik olan qalıq pulu alıcıya geri qaytarmırlar. Sonu 9-la bitən qiymətlərin isə qalığı olan 1 qəpk hay-hayla market sahiblərinin nəfinə qalır. Müştəri özünə sığışdırıb 1 qəpik qalığı istəmir, satıcı isə fürsətdən istifadə edib, məsələnin üstündən sükutla keçir. Əvvəl fikirləşdim ki, bəlkə bu iş Nazirlər Kabinetinin qərarıdır ki, “9”-lardan yığılan “1” qəpiklər ianə fonduna köçürülür, yaxud “YAŞAT” fonduna verilir. Lakin belə bir qərarın olduğunu eşitməmişəm, görməmişəm. Onda bəs “9”-dan alınan “1” qəpik hara gedir?
Bizim ondan da xəbərimiz var ki, inkişaf etmiş ölkələrdə satış marketinqinin vasitəsi olaraq sahibkarlar “cəlbedici qiymərlər” siyasətindən istifadə edir. Məsəslən, hamı bilir ki,”X” əmtəə bütün satış mərkəzlərində 5 manata satılır. Marketlərdən biri alıcı cəlb etmək məqsədi ilə həmin məhsulu 4 manat 90 qəpiyə təklif edir. Amma bizimkilər kimi pulun qalığını mənimsəmirlər, alıcının 10 qəpiyini geri qaytarırlat. Beləliklə həmin market daha çox məhsul sataraq daha çox qazanır. Bizim satış mərkəsində isə “cəlbedici qiymətlər” siyasətini mahiyyəti 1 qəpikdir, onu da müştəriyə geri qaytarmırlar. Hər bir market gündə 10 min ədəd mal satırsa, bu “siyasət” nəticəsində 100 manat mənfəət əldə edir – daha doğrusu müştərilərdən bu qədər vəsait çırpışdırır.
Hörmətli redaksiya, əgər siz bilirsinizsə mənə də deyin, qoy marketlərdən al-ver edən vətəndaşlar da bilsinlər ki, bunların bir qəpikləri hara gedir.
Vətəndaş olaraq al-ver edəndə hər güm çoxlu sayda mal alırıq. Hər bir aldığımız şeylərin üstündə bir qəpik gedir. Onda biz hər gün bir deyil, bir çenə qəpik itiririk. Sonda çox fikirləşdim ki, bu bir oyundur, uduzan isə vətəndaşlar!
Beyləqan rayon Orta Əlinəzərli kənd sakini, təqaüdçü müəllim
Əjdər Məmmədov