Ermənistan Milli Təhlükəsizlik Xidməti: Azərbaycan əsgəri saxlanıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan əsgərinin Sünik vilayətinin Teğ kəndi istiqamətində Ermənistan ərazisinə keçdiyini bildirir. Silahlı azərbaycanlı əsgərin zərərsizləşdirildiyi, onun saxlandığı qeyd olunur.

Yerli icma üzvü Arqam Ovsepyan Azatutyun-a deyib ki, orada iki azərbaycanlı əsgər olub, biri qaçıb, digərini erməni əsgərlər tapıblar.

Ermənistanın İstintaq Komitəsi insidentlə bağlı cinayət işi açıb.

+++

Fevralın 28-i səhər saatlarında Azərbaycan ordusunun əsgəri Ruslan Pənahovun Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığı bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, Laçında ilk belə hadisə deyil. Müdafiə Nazirliyi 2022-ci il martın əvvəllərində bildirmişdi ki, Laçın rayonu ərazisində bir döyüş mövqeyindən digərinə hərəkət edən iki əsgər (Fərid Məmmədov və Firdovsi Abdullayev) hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Sonradan həmin hərbi qulluqçuların taleyinə tam aydınlıq gətirilmədi.

Azərbaycanın Laçın rayonu Ermənistanla həmsərhəddə yerləşir.

+++

Ötən il, 2023-cü ildə Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda hərbi qulluqçuları Hüseyn Axundov və Aqşin Bəbirovun əlverişsiz hava şəraitində itkin düşdüklərini açıqlamışdı. Sonradan onların Ermənistanda saxlandığı və bir sıra cinayətlərdə ittiham edilərək mühakimə olunduğu bildirildi.

Ötən ilin dekabrında onlar Ermənistanın 32 hərbçisinin qaytarılması əvəzində ölkələrinə təhvil verildi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.