Mingəçevirdə məktəb direktorunun rüşvət videosu yayıldı- VİDEO/ FAKT

  Son bir neçə ildir ki, ölkəmizin təhsil sektorunda çalışan bir çox vəzifə sahiblərinin qol qoyduqları qanunsuzluq əməllərinin varlığı səbəbindən, bu gün də bu sahə daha çox ictimai qınağa tuş gəlməkdədir. İstər təhsil müəssisələrində dərsilklərin lazımi səviyyədə tədris olunmaması, davamiyyətin günün tələblərinə cavab verməməsi, dərsliklərin bərbad vəziyyətdə olması, fond pulu, süpürgə pulu, müəllim pulu və s. adlar altında yığılan pullar və s. məhz təhsil sektorunda qanundan kənar atılan addımlardır. Növbəti birabırçılıqların, hər cür həngamə və qanunsuzluqların tüğyan etdiyi təhsil müəssisələrindən biri də, məhz Mingəçevir şəhər 4 saylı tam orta məktəbin olduğu bildirilir.  Belə ki, gundemxeber.az xəbər portalının redaksiyasının ünvanına Mingəçevir şəhəri, Naxçıvan küçəsi-42, mən-84 ünvanında yaşayan Rahimova Həbibə Yuldaş qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə, həmçinin KİV nümayəndələrinə yazdığı şikayət ərizəsinin surəti daxil olub. Həbibə Rahimova şikayət ərizəsində qeyd edir:

 

 

 “Mən 23 ildir ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə çoğrafiya müəlliməsi işləyirəm və ötən illər ərzində əsas məqsədim, başlıca amalım dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etmək olub. Və hər zaman çalışmışam ki, dərs keçdiyim şagirdlərin hər biri vətənpərvərlik ruhunda böyüsünlər, onlar vətənini, millətini, xalqını sevsinlər, elmə və təhsilə mükəmməl yiyələnsinlər. Buna görə də hər zaman şagirdlərə bilik və bacarığımı öyrətməyə çalışmışam, onların vətənpərvərlik ruhunda formalaşmaları üçün mümkün addımlarımı atmışam. Çox təəssüf hissi ilə qeyd edim ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə çalışan müəllimlərin tam əksəriyyəti bu yöndə fəaliyyət göstərsələr də, hal-hazırda məktəbimizin direktoru  Azər Qazıyev, rəhbərlik etdiyi bu təhsil müəssisəsini rüşvət yuvasına çevirib. Bundan əlavə, bu şəxs 4 saylı tam orta məktəbi ailə ansamblına da çevirib. Misal üçün onu qeyd edim ki, direktorumuzun həyat yoldaşı Yaqut Qazıyeva, bizim məktəbdə kitabxana müdiri vəzifəsində çalışır. Direktorun qardaşı Asif Qazıyevin adı 2023-cü ilin aprel ayına kimi məktəbin ştat cədvəlində işçi olaraq getsə də, o, həmin vaxta kimi işdə olmayıb. Buna baxmayaraq, hər ay dövlət büdcəsindən Asif Qazıyevin adına əmək haqqı yazılıb və o, aldığı əmək haqqını rahatlıqla mənimsəyib. Azər Qazıyev baldızı qızını özünə katibə təyin edib. Direktorumuzun belə bir addım atmasının özəl səbəbləri var. Yəni, ona görə direktorumuz öz qohumunu özünə katibə vəzifəsinə təyin edir ki, onun rüşvətlə bağlı işlərini bir kimsə bilməsin. Çünki, istənilən vaxt qohumu Azər Qazıyevə öz etibarlılığını göstərəcək. Ona görə də o, belə bir addımını atır. Direktorumuz hansı müəllimə 1 saat dərs verirsə, həmin müəllimdən 50 manat rüşvət alır. Məktəbimizdə Azər Qazıyevin “qara kassa”sı Ülviyyə Qəhrəmanovadır və direkorumuz dərs saatlarından asılı olaraq, hər ay müəllimlərin hər birindən Ülviyyə Qəhrəmanovanın vasitəsilə 25-40 manat arası pul alır. Qeyd edim ki, mən milliyətcə özbək olsam da, uzun müddətdir ki, Azərbaycan Respublikasının vətəndaşıyam. Faktdır ki, bizim ölkə tolerant  ölkədir. Buna baxmayaraq, məktəbimizin direktoru konkret mənə qarşı milli ayrı-seçkilik yaradır, müxtəlif tədbirlər zamanı şəxsiyyətimi alçaldan ifadələr işlədir.

    Qeyd edim ki, bir müddət bundan öncə 4 saylı tam orta məktəbdə qol qoyulan qanunsuzluqlar və mənimsəmələrlə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəsmi qaydada müraciət etmişdim. Etdiyim müraciət əsasında bizim məktəbdə yoxlama işləri aparıldı və yoxlamalar zamanı 26000 min manatdan artıq yeyinti faktı aşkarlandı. Çox keçmədi ki, bütün bunlarla bağlı Mingəçevir Şəhər Prokurorluğunda AR-sı CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açıldı. Təəssüflər olsun ki, Azər Qazıyevin əməlləri ilə bağlı qeyd olunan maddələrlə cinayət işi açılsa da, o, hələ də bizim məktəbdə direktor vəzifəsini daşımaqdadır. Ola bilər ki, bu şəxsin “arxa-dayağı” güclü olduğundan, hələ də bir kimsə ona “qaşın üstə qara var” demir. Amma, gec də olsa yəqin ki, Azər Qazıyev qol qoyduğu əməllərə görə hüquqi müstəvidə cavab verməli olacaq”.

Bəli, bütün bunlar Rahimova Həbibə Yuldaş qızının gundemxeber.az xəbər portalının redaksiyasının ünvanına göndərdiyi şikayət ərizəsində qeyd olunan faktlardır. Düşünürük ki, yayımladığımız bu yazıda qeyd olunan faktlara, ələlxüsus Azər Qazıyevin iş otağında rüşvət alması faktı ilə bağlı (Videoda göstərilən) aidiyyəti qurumlar tərəfindən lazımi araşdırmalar aparılacaq və onun qol qoyduğu əmələ hüquqi qiymət də veriləcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

 

GundemXeber.Az