Fransızlar - Afrika qəssabı, İngilislər - dünyanın ən yağlı milləti…

Səxavət Əlisoy

Çağdaş dünyanın xəritəsini cızan üçlük.
Onların ixrac etdiyi "demokratiyanın" qurbanı olan ölkələr.
Azərbaycanın bu üçlüyün cəngindən xilas olması mümkünmü?

İkinci hissə

Böyük Britaniya İmperatorluğu. Üzərində günəş batmayan, əsrlərlə dünyanı istismar edən 1 saylı imperatorluq.
ABŞ-dan sonra ən zəngin ikinci dövləti. İkinci dünya müharibəsinə qədər dünyanın jandarması idi İngiltərə. Vətəndaşlarını tam olaraq cənnətdə yaşadan qüdrətli bir dövlət olan İngiltərə necə oldu ki, bu səviyyədə qərarlaşdı?
İngilis tarixçi Stuart Laycockun 2012-ci ildə nəşr olunan “All the Countries We've Ever Invaded: And the Few We Never Got Round To” (“ İşğal etdiyimiz bütün ölkələr: Heç vaxt ayaq basmadığımız ölkələr”) kitabını tərcümə proqramı vasitəsi ilə oxudum. Sizə də məsləhət bilirəm oxumağı. Nədən ki, bu kitabı oxuduqdan sonra dünyanın kimlər tərəfindən necə idarə edildiyini, “demokratiya” anlayışının gerçək mahiyyətini tam olaraq anlayacaqsınız.
11 yaşlı oğlunun “Biz neçə ölkəni işğal etdik” sualından ilhamlanan Stuart Laycock araşdırmalara baş vuraraq bu kitabı ərsəyə gətirib.
Məlum olub ki, BMT-yə üzv olan 193 dövlətin (2012-ci il) yalnız 22-si İngiltərənin işğalına məruz qalmayıb. İngiltərənin 17-ci əsrin əvvəlindən başlayaraq işğal etdiyi o 171 ölkənin adlarını yazmağa gərək görmürəm. İşğal etmədiyi 22 ölkənin adlarını yazmaq yetər.
Bu ölkələr: Andorra, Belorus, Boliviya, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Qvatemala, Fil Dişi Sahili, Qırğızıstan, Lixtenşteyn, Lüksemburq, Mali, Marşall Adaları, Monako, Monqolustan, Paraqvay, İsveç, Tacikistan, Özbəkistan, Vatikan və Sao Tome adaları. 15-ci əsrə qədər İngiltərə Avropa hüdudlarından kənara çıxmadı. Fransa ilə 100 illik savaşdan savayı İngiltərə heç bir Avropa torpağında müharibə etmədi. Əhalinin artım səviyyəsi, ekonomik sıxıntılar və ən başlıcası Hollandiya və Portuqaliyanın Asiyada uğurlu ticarəti İngiltərəni ada sərhədlərindən kənara çıxmağa vadar etdi. Hədəf Hindistan idi. İngiltərə öncə ticarət üçün Hindistanda “Şərqi Hindistan” şirkəti yaratdı. Və məhz bu şirkətin yaradılması gələcəkdə Hindistanla bərabər bütünlükdə Asiya qitəsinin də istismarına imkan saxladı.
İngiltərə 4 əsrə yaxın - 1603-cü ildən 1997-ci ilədək dünyanı istismar etdi. Yalnız Hindistandan apardıqlarının dəyəri 50 trilyon dollar. Bunu özləri etiraf edir. İngiltərə Afrikanı daha amansız istismara məruz qoydu. Bu istismar sayəsində milyonlarla insan qətl edildi. Bəzi mənbələr İngiltərənin Afrika qitəsindən “qazancının” 100 trilyon dollar olduğunu idiia edir.
Dünyanın 5 qitəsində müstəmləkəsi olan tək imperiya Böyük Britaniya imperiyası. İmperiya 1919-cu ildə dünyanın 37 milyon km2 sahəsinə hökmranlıq edirdi. İmperiyanın əhalisi 460 milyon nəfər idi.
Bu statistik rəqəmlərin arxasında nələr dayandığını təsəvvür edəndə adam dəhşətə gəlir. İşğala məruz qalmış 171 ölkədə milyonlarla insanın məhvi, yüz milyonlarla insanın səfalətlə üz-üzə qalması, 100 milyonlarla insanla heyvan kimi rəftar dayanır bu rəqəmlərin arxasında.
Londona daşınmış 100 trilyonlar dayanır bu rəqəmlərin arxasında.
Əsrarəngiz gözəlliyə sahib Londona gedin. Orada möhtəşəm görünən nə varsa - Bukinqem sarayı daxil hamısı ingilislərin işğal etdiyi 171 ölkədən apardıqları sərvətin sayəsində ərsəyə gəlib. Məğlubedilməz donanmanın, qüdrətli hərbi sənayenin və əlçatmaz texnologiyaların bünövrəsi məhz o 171 ölkədən daşınan qızılın, ləl-cəvahiratın, qiymətli metalların, neftin sayəsində qoyulub.
Bu gün İngiltərə öz vətəndaşlarına insani dəyər verən, onların sözün həqiqi anlamında xoşbəxt yaşadan bir dövlət. Bu rifahın, bu xoşbəxtliyin qaynağı da, o 171 ölkədən talan yolu ilə Londona aparılanlar.
İngilislər işğal etdiyi torpaqları təkcə istismar etmədi. Öz dilini, dinini, kültürünü də o ölkəyə yerləşdirdi. Afrikanın şərqindəki Keniya dövlətinin qurucu prezidenti Jomo Kenyatta bunu belə izhar edir: “İngilislər Keniyaya gələndə onların İncili, bizim isə torpaqlarımız var idi. Bir də gözümüzü açıb gördük ki, bizim İncilimiz, onların torpaqları var.”
Bu gün yalnız Afrika qitəsində 20 dövlətin rəsmi dili ingilis dili. Dünyada bu dövlətlərin sayı 45.
Londona gedənlər təsdiq edər, dünyanın heç bir ölkəsində ingilislər qədər zəngin yaşamırlar. Ruslar ingilisləri “Dünyanın ən yağlı milləti” adlandırır və səhv etmir. Bu ölkədə hər 30 nəfərdən birinin bank hesabında 1 milyon funt sterlinqi var. Yəni 20 milyondan artıq ingilis milyoner! Bu statistik göstəriciyə görə İngiltərə yalnız ABŞ-dan geridə. ABŞ və İngiltərə kim? Bir millət iki dövlət deyilmi?
1997-ci ildə Honkonqa müstəqillik verdikdən sonar İngiltərənin imperiya apoleti söküldü. Britaniya İmperiyası bununla bitdimi?
London o 171 ölkədən əl çəkdimi?
İngilislər o ölkələrin sərvətindən əl çəkərmi?

Bu gün də o istismar davam etməkdə. Sadəcə, istismarın forması dəyişib. Bu gün çağdaş dünya silahlı müdaxiləni qəbul etmir. Avropa Birliyi var, BMT var, digər siyasi institutlar var. Əslində imperiya təfəkküründə ictimai rəy saya salınmır. Maraqlar, çıxarlar hesablanır. İmperialist gücləri hərbi müdaxilədən çəkindirən öz vətəndaşlarıdır. Hərbi müdaxilə zamanı əsgər ölümlərinə görə öz vətəndaşlarından böyük təpki görür dünyanı idarə edən üçlük. ABŞ Vyetnamda, Əfqanıstanda, İraqda minlərlə əsgər itirdi. Və amerikalıların ciddi narazılıqları ortaya çıxdı. Müasir müstəmləkə siyasətini bu üçlük qansız həyata keçirmək yolunu seçib. Eynən ABŞ kimi İngiltərə də bir vaxt kaloniyası olduğu və ya “kukla” ölkələri yuxarıda qeyd etdiyim 3 prinsip əsasında istismar edir.
İngilislər bu işi çox böyük ustalıqla yerinə yetirirlər. Neft və qazın, qiymətli metalların hansı ölkədə nə miqdarda olduğunu ingilislərdən öncə bilən ölkə yoxdur. İngilislər həm də girmək istədikləri ölkədə müxalif fikirli insanlarla işləməkdə peşəkar. (Bu barədə məqalənin üçüncü hissəsində)
ABŞ kimi İngiltərədə də illik qazancı milyard dollarla ölçülən saysız hesabsız şirkətlər, texnoloji və digital markalar var. Tək bir örnək yetər. Büdcəsi Türkiyənin dövlət büdcəsinin ikiqatından çox olan BP –yə dünyanın hər yerində rast gəlmək olar. Bu transmilli şirkət neft yataqlarının kəşfində, istismarında önəmli rol oynayır. Dünyanın ən böyük 3-cü, Avropanın 2-ci neft şirkətidir. 70 mindən çox işçisi olan BP qüdrətli bir dövlətdir. Və bu “dövlət” 1992-ci ildən Azərbaycandadır…
FRANSA. ABŞ və İngiltərədən sonar dünyanı idarə edən üçüncü dövlət.
Fransız müstəmləkə imperiyası XIX və XX əsrdə Britaniya İmperiyasından sonra ikinci böyük müstəmləkə imperiyasıdır. Fransız müstəmləkə imperiyasının sahəsi Fransanın özü də daxil 1900 ilə 1930-cu illər arasında 24 milyon km² olmuşdur. Bu, Yer kürəsindəki torpaqların ümumi sahəsinin 17.8%-inə bərabərdir.
Müstəmləkəçi ölkələr arasında ən qəddarı və ən vəhşisi Fransa idi. Afrikada törədilən qeyri-insani hərəkətlər Fransa tarixinin ən qara ləkələri olaraq hafizələrdə qalıb. Tarixi araşdırmaçılar fransızların Afrika qitəsində 5 milyondan artıq əhalini vəhşicəsinə məhv etdiyini yazır.
Afrikanın yüzdə 35-i Fransanın müstəmləkəsi idi. 300 il boyunca Fransa 20-dən artıq Afrika ölkəsinin sərvətlərini talan etdi. Bu azmış kimi yerli əhalini dinini, dilini, kültürünü dəyişməyə vadar etdi. Seneqal, Fildişi Sahili və Benində kölə ticarəti mərkəzləri qurdu.
Fransanın törətdiyi qətliamların bir neçəsinə diqqət edin:
1. Əlcəzair qətliamı. Fransa 130 il işğalda saxladığı Əlcəzairdə 2 milyona yaxın yerli əhalini məhv etmişdir. 1961-ci ildə Parisin mərkəzində Əlcəzairin Milli Qurtuluş savaşına dəstək mitinqinə toplanmış 30 min aksiya iştirakçısını Fransa polisi gülləboran etdi. Minlərlə insan yaralandı, 200-dən artıq Əlcəzairli öldürüldü. Beynəlxalq aləmin basqılarına rəğmən bu “gülləboranı” Fransa 1998-ci ildə qismən etiraf edərək, 40 dinc nümayişçinin öldürüldüyünü bildirdi.
2. Vyetnam qətliamı. İkinci dünya müharibəsindən sonar Fransa Vyetnamda 500 min yerli əhalini məhv etdi.
3. Ruanda qətliamı. 1994-cü ildə Fransa Ruandada 800 min əhalini öldürdü. Ən ilginci o idi ki, 1998-ci ildə Fransa prezidenti Fransua Mitteran “Le Figaro” qəzetinə verdiyi müsahibədə "O ölkələrdə bir soyqırım yaşanması o qədər da önemli bir şey deyil" ifadəsini dilə gətirdi. Bu, tərtəmiz fransızların faşist zehniyyətinin etirafı idi…
Müstəmləkəçilik Fransanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Bu gün Fransa vətəndaşlarının hər otuzundan birinin bank hesabında 1 milyon dollar pulunun olması o qətliamların sayəsindədir, desək, düşünürəm ki, yanlış olmaz.
O talanların sayəsində Fransa başdan-başa cənnətə çevrildi. Dünyanın 1 saylı turizm ölkəsidir Fransa. İldə 80 milyon turist gedir bu ölkəyə. Milyonlarla insan Lüvr muzeyinə axın edir. Təkcə turizmdən Fransa ildə 80 milyard dollar gəlir əldə edir. Fəqət kimsə Fransanın tarixdəki vəhşiliklər barədə danışmır. Çünki bunun mənasız olduğunu hər kəs gözəl bilir.
Güclülər heç vaxt mühakimə olunmur və heç bir vaxt olunmayacaq da. Dünya yaranandan belədir.
Fransanı bircə günə işğal edən Hitler məğlub olmasaydı, yəhudilərə qarşı soyqırımdan kimsə danışmayacaqdı və Almaniya İsrailə əsla təzminat ödəməyəcəkdi.
Yəni, Fransanın Əlcəzairə, Ruandaya, Vyetnama qarşı törətdiyi soyqırıma rəğmən təzminat ödəyəcəyini ağlınıza belə gətirməyin.
Tam əksinə, Fransa bir vaxtlar müstəmləkəsi olduğu ölkələrdə söz sahibi olmaqda davam edir. Digər tərəfdən Fransanın cəngindən qurtulub guya müstəqillik əldə etmiş ölkələrin vətəndaşları bu gün də Fransaya möhtac durumunda. Fransada ən ağır, ən çirkli, qara işləri canla-başla yerinə yetirən məhz Əlcəzairlilər, Seneqallılar və digərləridir. Afrika qitəsində 27 ölkənin dövlət dili Fransız dili. Əminəm ki, bunun nə demək olduğunun fərqindəsiz. Dünyanı istismar edən, idarə edən ABŞ-ın, İngiltərənin və Fransanın qurduğu onlarla kukla dövlət, onların hələ də müstəmləkəsi altında olan ölkələr bu gün də o 3 dövlətin daha da qüdrətli olması üçün gücünə güc qatmaqda.
Bu 3 dövlətin müstəmləkəsi altında olan ölkələrin müstəqillik əldə etməsi üçün son zamanlar başladılan mübarizə təqdirəlayiqdir. Fəqət Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan ölkələrin bu mübarizədə onlara dəstək verməsi çox zor bir iş. Çünki mövcud dünya düzəni elədir ki, BMT-yə üzv olan ölkələrin böyük əlsəriyyəti iqtisadi, iqtisadi-siyasi aspektdən o 3 dövlətdən asılı vəziyyətdə. Məqalədə məqsəd müstəmləkə boyunduruğundan xilas olmaq istəyən ölkələrdəki durumu anlatmaq deyil. Məqsəd Azərbaycanın dünyanı idarə edən bu 3 dövlətlə - ABŞ, İngiltərə və Fransa ilə münasibətlərin dövlətimiz üçün daha faydalı olan istiqamətləri barədə düşüncələri bölüşməkdir…

"Təşəbbüs" Vətəndaş Platforması (VTP). 5-ci yazı.


Davamı olacaq.