Azərbaycan XİN-i N.Pelosinin bəyanatına münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bəyanatına cavab verib. Cavab bəyanatında aşagıdakı fikirlər vurğulanib.

Nensi Pelosinin bəyanatında regiondakı vəziyyəti təhrif etməsi çox təəssüf doğurur. N.Pelosinin Azərbaycana qarşı səsləndirdiyi əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir.

N. Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətində Konqresin ermənipərəst üzvlərinin olması buna birbaşa sübutdur. ABŞ-da aralıq seçki dövrü yaxınlaşdıqca, belə görünür ki, N. Pelosi bu səfərdən öz daxili siyasi gündəmi üçün ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini almaq üçün istifadə edir.

Bu cür birtərəfli addımlar, əsassız bəyanatlar regionda kövrək sülhün möhkəmlənməsinə deyil, əksinə, gərginliyin artmasına xidmət edir.