“Ağdam və Ağcabədi fermerlərinin əkdiyi soğanın tərkibində azotun çəkisi normadan çoxdur” — AÇIQLAMA

Bölgələrdə soğan istehsalı artıb. Lakin istehsalçılar yetişdirdikləri məhsulu sata bilmirlər. 

Xezerxeber.az-ın məlumatına görə Ağdam və Ağcabədidə tonlarla məhsul anbarlarda qalaraq günü-gündən məhv olur. 30-35 kiloqramlıq məhsulun kisəsi 2-4 manata təklif edilir. 

Fermerlər deyir ki, soğanın qiymətini endirsələr də, alıcı tapa bilmirlər.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, soğanın əkilməsi və saxlanma şəraitinə diqqət edilməlidir:

“Soğan əkən fermer bilməlidir ki, bunu qış üçün saxlayır və məhsulun aqrotexnikası ilə məşğul olmalı, harada saxlanmalı olduğunu müəyyənləşdirməlidir. Soğanı saxlamaq üçün o qədər də mürəkkəb şəraitə ehtiyac yoxdur. Nəmişliyi aşağı olan müəyyən temperaturlu anbarda soğan 6 aya qədər saxlanıla bilər. Bir şərtlə ki, düzgün aqrotexniki qaydalara əməl edilməklə yetişdirilsin. Ağdam və Ağcabədi fermerlərinin əkdiyi soğanın tərkibini araşdırmışam. Həmin soğanların tərkibində azotun xüsusi çəkisi normadan 2-3 dəfə çoxdur. Bu gün həmin fermerler şikayət edirlər ki, anbarımız yoxdur, soğanı saxlaya bilmirik. Amma soğanı düzgün yetişdirməyiblər, bu da məhsulun xarab olmasına səbəb olub. Fermer məhsulu böyütmək və daha çox məhsul götürmək üçün bir hektar ərazini lazım olduğundan dəfələrlə çox azot gübrəsi ilə qidalandırır. Bununla da bitki sürətlə böyüyür, məhsuldarlıq çoxalır və anbarlarda saxlanılarkən tərkibindəki həddən artıq azot məhsulu xarab edir”.

İqtisadçı əlavə edib ki, Azərbaycanda soğan ildə iki dəfə əkilir:

“Payızlıq soğan gündəlik tələbat üçün istifadə olunur. Yazda səpilən soğan isə avqust-sentabr aylarından başlayaraq oktyabradək yığılır. Həmin soğan seçilməli, tərkibindəki azotun miqdarı müəyyənləşdirilməlidir. Bundan sonra qışda satış etmək üçün anbarlara vurulmalıdır.
Düzdür, fermerlər məhsulu saxlamaq üçün anbarlarla təmin edilməlidirlər. Hökumət bunun üçün subsidiyalar ayırır, fermerlərə yardım göstərir. Lakin fermerlərin məhsulu düzgün şərtlərlə yetişdirməməsi sonda məhv olmasına gətirib çıxarır. Tərkibi normal olan soğan indiyə qədər anbar şəraitində sağlam qalmalı idi”.    

Qeyd edək ki, 2023-cü ildə ölkədə 310 min 13 ton soğan yığılıb. Bu da 2022-ci illə müqayisədə 12,8 % çoxdur.


Törə Zeynallı