Fransa abort hüququnu konstitusiyaya salıb

Eyfel qülləsi abort hüququ konstitusiyada təsbit olunandan sonra "Mənim bədənim - mənim seçimim" mesajı ilə işıqlanır.
 

Fransa parlamenti qadınların abort hüququnu konstitusiyada möhkəmləndirən qanunvericilik əlavəsini qəbul edib. Bununla da Fransa dünyada abort hüququnun ali qanunda təmin olunduğu ilk ölkəyə çevrilib.

Bu əlavənin təşəbbüskarı prezident Emmanuel Makron olub. "Fransanın iftixarı və bütün dünyaya siqnalı. Respublika konstitusiyasında yeni azadlığın peyda olmasını birlikdə qeyd etmək lazımdır", - o, tvitində yazıb.

Baş nazir Qabriel Attal da parlamentin qərarını şərh edib: "Bütün qadınlara deyirik: sizin bədəniniz yalnız sizə məxsusdur, heç kəsin sizin yerinizə qərar vermək hüququ yoxdur".

Fransada 1975-ci ildən aborta icazə verilib. O vaxtdan qanun doqquz dəfə dəyişdirilib, hər dəfə də qadınların hamiləliyi sonlandırması hüququ genişləndirilib.