Rusiyanın neftayırma zavodlarına dron hücumları edilib

Rusiyanın Müdafiə Nazirliyi martın 12-dən 13-ə keçən gecə və səhər Voronej, Belqorod, Bryansk, Kursk, Leninqrad və Ryazan vilayətlərində 65 dronun tutulduğunu və ya məhv edildiyini bildirib.
Ryazan vilayətində dronlar “Ryazannefteprodukt” neftayırma zavoduna zərbələr endirib.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, zərbə nəticəsində zavodda baş verən yanğın sonradan söndürülüb.
RIA Novosti agentliyinin xəbərindən məlum olur ki, zavodun iki rezervuarında açıq yanğın olub, iki nəfər xəsarət alıb.
“Ukrainskaya Pravda” Ukrayna təhlükəsizlik xidmətindəki mənbəyə istinadla yazır ki, martın 13-də Ukrayna ordusu dronlarla Rusiyanın üç neftayrırma zavoduna hücum edib.
Bunlar Ryazan, Kstovo və Kirişıdakı neftayırma zavodlarıdır. Qəzetin mənbəyi bunları bildirib:
"Biz Rusiyanın iqtisadi potensialını azaltmağa hesablanmış strategiyamızı detallı şəkildə həyata keçiririk. Bizim məqsədimiz düşməni resurslardan məhrum etmək, onun birbaşa Ukrayna vətəndaşlarını məhv etmək üçün aparılan müharibəyə yönəldilən neft pulları və yanacaq axınını azaltmaqdır”.

Xəbər verilir ki, Belqorodda dron çoxmərtəbəli binaya çırpılıb, nəticədə bir neçə mənzildə pəncərələrin şüşələri tökülüb, binanın fasadına ziyan dəyib. İtki olmadığı xəbər verilir.