Dron hücumlarına görə Rusiya günə 600 min barrel neft itirir

Neftayırma zavodlarına dron hücumlarına görə Rusiya günə 600 min barrel emal edilmiş neft itirir.
Bu barədə məlumatı Moskvanın Ukraynaya hücumundan əvvəl Rusiya neftinin ən böyük satıcılarından biri olmuş Gunvor Group beynəlxalq neft treyderinin başçısı Torbörn Tornkvist Bloomberg agentliyinə müsahibəsində deyib.
Agentlik yazır ki, bunun nəticəsində dizel yanacağının fyuçers qiymətləri dörd dəfə, benzinin fyuçers qiymələri isə altı dəfə artıb.
Tonrnkvist dəqiqləşdirib ki, Rusiyadan ixrac günə bir neçə yüz min barrel enib.

Dron hücumları

JPMorgan bankı təhlilçilərinin təxminlərinə görə dronların neftayırma zavodlarına hücumları ilə bağlı onların istehsal gücü günə 900 min barrel azalıb.
Son iki həftə ərzində Rusiyanın neft sənayesi dronların kütləvi hücumlarına məruz qalıb.
Ən azı 8 neftayırma zavodu və neft bazasına zərbələr sənədləşdirilib.
“Ukrainskaya Pravda” qəzetinin Dövlət Təhlükəsizlik Xidmətindəki mənbəyi bildirib ki, martın 13-də Rusiyanın üç neft emalı zavoduna dron hücumlarını Ukrayna Təhlükəsizlik Xidməti – SBU təşkil edib.

Zərbələrin mümkün təsirləri

Söhbət Ryazan, Nijeqoroddakı Kstovo və Leninqrad vilayətindəki Kirişı zavodlarından gedir.
Martın 13-də səhər Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavoduna da dron zərbəsi endirilib.
Bu hücumlar genişmiqyaslı yanğınlarla nəticələnib və qəzanın aradan qaldırılmasına saatlarla vaxt lazım gəlib.
Kiyev rəsmi olaraq bu hücumlar üçün məsuliyyəti öz üzərinə götürmür.
Neft təhlilçisi Sergey Vakulenko martın 18-də bildirib ki, hücuma məruz qalmış 13 zavoddan 6-sı daxili bazarın təchizatında əhəmiyyətli rol oynamır.
Lakin Vakulenkonun fikrincə dron zərbələrinin davam etməsi iqtisadiyyatda struktur problemlərinə gətirib çıxara bilər.