ABŞ prezidentinin müşaviri Kiyevə niyə gəlmişdi

Birləşmiş Ştatların Ukraynadakı səfiri Bricet Brinks bildirib ki, bu yaxınlarda Kiyevdə bir çox ölkələrin milli təhlükəsizlik müşavirlərinin görüşü olub.
Məlumata görə onlar Rusiya ilə müharibənin başa çatdırılması üçün Ukraynanın “sülh formulunu” müzakirə ediblər.

Bu görüşün keçiriləcəyi barədə əvvəlcədən xəbər verilməyib. Amma bu yaxınlarda bir sıra media orqanları ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Kiyevə səfər etdiyini yazmışdılar. Amma bu xəbərlərdə Sallivanın daha geniş forumda iştirak üçün gəldiyi bildirilmirdi.

ABŞ səfiri martın 21-də Rusiyanın Kiyev üzərinə şiddətli raket hücumunu məhz bu toplantıya “cavab” kimi dəyərləndirib. Bu son 44 gündə Kiyevə ilk hava zərbələri idi.
Səfir Ukrayna hərbçilərinə təşəkkürünü bildirib, beləki raketlərdən biri də hədəfi vura bilməyib.
Belə görüşlərin məziyyətlərindən biri də budur ki, bu tədbirlərdə təkcə Ukraynanı dəstəkləyən ölkələr deyil, həm də neytral, bəzən isə Moskva ilə “isti” münasibətləri olan dövlətlərin nümayəndələri də iştirak edirlər.

Sallivan Kiyevdə nə deyib?

Ceyk Sallivan Kiyevdə olarkən deyib ki, ABŞ Ukraynanın bu müharibədən qalib çıxacağına inanır.
O əmin olduğunu bildirib ki, Ukrayna üçün nəzərdə tutulmuş 60 milyard dollarlıq hərbi yardım paketi Nümayəndələr Palatasında təsdiq olunacaq.
Sallivan suverenliyinin qorunub saxlanmasını, demokratik və azad bir ölkə olmasını Ukraynanın qələbəsi adlandırıb.
Martın 21-də NATO hərbi komitəsinin başçısı Rob Bauer Kiyevə gəlib.
“Ukrainskaya Pravda” qəzetinin yazdığına görə admiral deyib ki, o Ukraynanın NATO üzvü olacağına inanır.