Moskva ətrafındakı konsert zalına hücumda azı 40 nəfərin həlak olduğu xəbər verilir (Video)

Baza saytının adı çəkilməyən mənbələrinin verdiyi məlumata görə qurbanların sayı ən azı 62-dir.

Hadisədən bir neçə saat sonra Rusiya mediası xəbər verib ki, konsert zalına hücum edənlər hələ də ələ keçirilməyib.

Reuters və başqa agentliklər xəbər verirlər ki, İslam Dövləti (İD) ekstremist təşkilatı ona bağlı teleqram kanalları vasitəsilə bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İD-in bəyanatında deyilir ki, hücumu həyata keçirənlər “sağ və salamat öz bazalarına qayıdıblar”.

 

Azərbaycan XİN Moskvada baş verən silahlı hücumu pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi Moskva ətrafındakı “Crocus City Hall” konsert kompleksində baş verən silahlı hücumu pisləyib.

Bu barədə nazirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda deyilir:

“Moskvada “Crocus City Hall”a edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik.”

 

Açıqlamaının sonunda vurğulanır ki, “Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir”.

***

Rusiyanın Interfax agentliyi operativ xidmətlərə istinadla bildirir ki, Moskva yaxınlığındakı konsert zalında ikinci partlayış baş verib.

Bu da xəbər verilir ki, Rusiya İstintaq Komitəsi hadisəni “terror aktı” adlandırıb və bununla bağlı cinayət işi açılıb.

Federal Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr mərkəzində bidlriiblər ki, ilkin məlumata görə konsert zalına naməlum şəxslərin silahlı basqınında azı 40 nəfər həlak olub və daha 100 nəfər xəsarət alıb.

 

***

Bundan əvvəl xəbər verilmişdi ki, Moskva ətrafındakı Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında “Piknik” rok qrupunun konsertindən əvvəl atışma baş verib.

RIA Novosti xəbər verir ki, “kamuflyajda olan azı üç nəfər” atəş açıb.

Binada partlayış və yanğın olduğu xəbər verilir.

 

Onlarca ölü və yaralı olduğuna dair təsdiq olunmamış xəbərlər gəlməkdədir.

Moskva meri Sergey Sobyanin öz teleqram kanalında ölənlərin yaxınlarına başsağlığı verib.

 

Rusiyanın sosial media şəbəkələrindəki videolarda konsert zalında atışma səsləri eşidilir.

 
 

Shot teleqram kanalının mənbəyi atəş açanların 5 nəfər olduğunu bildirib.

TASS bildirir ki, baş verənlərin təfərrüatları, ölən və yaralıların olub-olmaması hələki dəqiqləşdirilir.

Agentliyin müxbiri xəbər verir ki, konsert binasının damı tamamilə od içindədir.

Baza saytının məlumatına görə içəridə hələ də 100-dək adamın qaldığı düşünülür.

Sayt xəbər verir ki, azı 12 ölən və 35-dək yaralanan olub. Dojd telekanalı ölənlərin ən azı 40 nəfər olduğunu xəbər verib.

Bu barədə dəqiq məlumat hələki yoxdur.

Şahidlər deyirlər ki, naməlum şəxslər avtomatlardan atəş açırdılar.

“Krokus” zalının damı çökməyə başlayıb.

 

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirir ki, atışma və yanğının baş verdiyi yerə yollanır. Hadisə ilə bağlı operativ qərargah yaradılıb.

İki Ka-32 helikopteri artıq hadisə yerinə göndərilib.

Rusiya Səhiyyə Nazirliyi bildirir ki, hadisə yerinə təcili tibbi yardım xidmətinin 50 briqadası göndərilib.

Bu da xəbər verilir ki, hazırda Moskvada mobil rabitə xidməti çox pis işləyir.