Nazarbayev təmizə çıxmaq üçün qalmaqallı miniseriala 5 milyon dollar ödəyib

Müstəqil araşdırma nəticəsində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəzarətində olan fondun 2021-ci ildə avtoritar liderin imicini təmizə çıxarmaq məqsədilə çəkilən sənədli filmə, azı, 5 milyon dollar xərclədiyi üzə çıxıb.
"Qazaq: History Of The Golden Man" (Qazax: Altun adamın tarixçəsi) adlı sənədli filmin prodüseri kremlyönlü rejissor İqor Lopatonokdur. Film ünlü, ancaq ziddiyyətli amerikalı kinorejissor Oliver Stounun (Oliver Stone) Nazarbayev ilə uzun müsahibəsi əsasında hazırlanıb. Stoun daha öncə Rusiya prezidenti Vladimir Putin, Kuba lideri Fidel Kastro və Venesuela lideri Huqo Çavez haqqında da sənədli filmlər çəkib.
Nazarbayev 30 il boyunca Qazaxıstanı dəmir yumruqla yönəldib. Filmdə o öz uşaqlığından, siyasi karyerasından, Sovet İttifaqının dağılmasından və Qazaxıstanın müstəqil dövlət kimi formalaşmasından söz açır.
Sözügedən sənədli film 2021-ci ildə həm 8 bölümlü miniserial, həm də tammetrajlı film biçimində buraxılıb. Bu ekran əsəri üzərində iş 2019-cu ildə başlanıb. O zaman Nazarbayev prezidentlikdən getsə də, hələ Qazaxıstanın həyatında böyük siyasi gücü vardı.
Araşdırmaçı jurnalistlərin qlobal şəbəkəsi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və Qazaxıstanda fəaliyyət göstərən vlast.kz media qurumunun martın 5-də dərc edilən hesabatında filmin hazırlanmasında Nazarbayevin şəxsən iştirak etdiyi bildirilir. Hesabatın başlığı belədir: "Nazarbayevdən Lukaşenkoyadək: Hollivud diktatorların xidmətində".
"Nazarbayev vaxtaşırı filmə düzəliş edir, öz imicini yaxşılaşdırmağa çalışırdı", - çəkiliş qrupunun bir üzvü OCCRP-yə belə söyləyib.
Hesabat üzərində işləyən araşdırmaçılar filmin son versiyasından Nazarbayevin razı qaldığını deyirlər.

Araşdırma nəticələrinə görə…

2010-cu ildə - Nazarbayev hakimiyyətdə ikən, qurulan və qızı Dariğa Nazarbayevanın rəhbərlik etdiyi Nazarbayev Fondu Lopatonok və Stouna, ən azı, 5 milyon dollar ödəyib.
Lopatonok ilə Stoun daha öncə bu layihədə Qazaxıstan hökumətinin hər hansı iştirakı olduğunu danmışdılar.
Lopatonok OCCRP və "Vlast"a müsahibə verməyə razılaşsa da, ötən ay götürülən videomüsahibə zamanı jurnalistlər onun filmlərinin necə maliyyələşdirilməsinə dair suallar verəndə çox qəzəblənib.
"Biz sizi şəxsən izləyəcəyik. Biz sizi tanıyırıq. Biz sizin mənbələrinizi təqib edəcəyik. Biz sizi, sizin nüfuzunuzu məhv edəcəyik", - Lopatonok jurnalistləri bu sözlərlə hədələyib.
Lopatonok 2021-ci ildə AzadlıqRadiosu müxbirinin Nazarbayev haqda çəkilən sənədli filmin maliyyə qaynağı haqda sualına cavab verməkdən boyun qaçıraraq bu radio "xarici agent" olduğundan şərh verməyəcəyini demişdi.
Rusiyanın "xarici agent" qanunu xaricdən maliyyə dəstəyi alan hökumət tənqidçilərini damğalamaq və cəzalandırmaq üçün istifadə edilən alətdir.

Ardınca – yanvarda neftlə zəngin Qazaxıstanda ölkə boyunca qanlı iğtişaş baş qaldırdı. On minlərlə insan keçmiş prezident Nazarbayev və onun mirası kimi gördükləri sosial ədalətsizlik və iqtisadi bərabərsizliyə, korrupsiya və şəxsiyyətə pərəstişə etiraz etmək üçün küçələrə axışdı.
Həmin nümayişlər zorakı hal aldığı zaman hökumət qurumları, azı, 238 nəfərin öldürüldüyünü bildirib. Həyatını itirən etirazçıların çoxunu dövlət güvənlik xidmətləri öldürüb. Yanacağın bahalaşmasına qarşı dinc nümayiş kimi başladılan etirazlar insanların iqtisadi tələbləri ilə bağlı idi.
Ancaq bir çox Qazaxıstan vətəndaşı bu zorakılığın baş verməsində Nazarbayevin yaxın çevrəsi ilə onun özünün hakimiyyətə gətirdiyi xələfi - Kasım-Jomart Tokayev arasındakı güc mübarizəsinin əsas rol oynadığına inanır.
Bu etirazların ardınca Tokayevin hökuməti Nazarbayev, onun ailəsi və yaxın adamlarını siyasət və biznesdən kənarlaşdırdı. Nazarbayevin bir neçə qohumu hazırda həbsxanadadır.
"Sülalə hakimiyyəti" dövründə Azərbaycanın "uğurları"