Belarusda Ermənistan konyakına qadağa
Belarusun Baş dövlət sanitar həkimi Aleksandr Tarasenko "Ararat" konyak zavodunun məhsullarının idxalını və satışını qadağan edib.
Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, bu barədə Qomeldəki Regional gigiyena, epidemiologiya və səhiyyə mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ermənistanın "Ararat" konyak zavodunun məhsullarında "uyğunsuzluq aşkar edilməsi ilə bağlı" idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qadağandır.
Qadağaya səbəb məhsulda boyanın aşkarlanması göstərilir.
Belarusda zavodun məhsulları ticarətdən çıxarılaraq utilizasiya edilməlidir.
Ermənistan tərəfi, hələlik, bu açıqlamaya cavab verməyib.
Ermənistan və Belarus Avrasiya İqtisadi Birliyinin üzvüdür. 2014-cü ildə yaradılan bu quruma Rusiya, Qazaxıstan və Qırğızıstan da daxildir.
Bəzi məlumatlara görə, Moskva Yerevanla münasibətlərinin pisləşməsinin ardınca sərhəd keçidində ixrac-idxal nəzarətini gücləndirib.
Ötən ilin noyabrında "Rosselxoznadzor" Ermənistandan ixrac olunan meyvə, tərəvəz və güllərdə Gürcüstanın "Yuxarı Lars" sərhəd keçidində yoxlama zamanı "ziyanverici orqanizmlər"in aşkarlandığını da iddia etmişdi.