Ərdoğan: “Türkiyə yaya qədər İraqla sərhədinin tam təhlükəsizliyini təmin edəcək”
Yaya qədər Türkiyə İraqla sərhədinin tam təhlükəsizliyini təmin edəcək, burada mütəmadi olaraq terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı əməliyyatlar keçirəcək.
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Batman şəhərində keçirilən mitinqdə deyib.
“Separatçı təşkilatın (PKK - red.) torpaqlarımızda mövcudluğu sona çatır. Bu ilin yayına qədər biz İraqla sərhədimizin tam təhlükəsizliyini təmin edəcəyik”, - o deyib.
Qərbin PKK-ya dəstəyinə toxunan Ərdoğan əlavə edib: “Biz hakimiyyətdə olduğumuz müddətdə heç kim köhnə qaranlıq günləri geri qaytara bilməyəcək. Heç kim terror təşkilatlarından istifadə edərək Türkiyəni manipulyasiya edə bilməyəcək”.
Qeyd edək ki, Türkiyə İraq və Suriyanın şimalında PKK-ya qarşı geniş sərhədyanı hərbi əməliyyat keçirmə imkanını aktiv şəkildə müzakirə edir. Onun nəticələrinə əsasən, İraqda 40 km-ə qədər dərinlikdə təhlükəsizlik zonasının yaradılması planlaşdırılır. Oxşar zona Suriyanın şimalında da yaradıla bilər.
Mənbə: Haber Global