ABŞ İsrailə milyardlarla dollarlıq yeni silah tədarükünü təsdiqlədi
ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə bir neçə milyard dollarlıq bomba və qırıcı təyyarələrin tədarükünü təsdiqləyib.
Administrasiya Qəzza zolağının cənubundakı Rəfah şəhərində quru əməliyyatı ilə bağlı narahatlıqlara baxmayaraq belə bir qərar qəbul edib.
Bu barədə “The Washington Post” (WP) nəşri məlumat verib.
Bildirilib ki, yeni silah paketinə 1,8 mindən çox MK84 bombası və 500 MK82 bombası daxildir. Bundan əlavə, ABŞ İsrailə dəyəri 2,5 milyard dollardan çox olan 25 ədəd “F-35” qırıcısının və onların mühərriklərinin verilməsini də təsdiq edib.
Nəşrin yazdığına görə, ABŞ tərəfindən İsrailə son silah tədarükü onu göstərir ki, Bayden administrasiyası ilə İsrailin baş naziri Benyamin Netanyahu hökuməti arasında Rəfahda mümkün əməliyyatla bağlı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton hərbi yardımı yəhudi dövlətinin siyasətinə təsir vasitəsi kimi nəzərdən keçirmir.
“Biz İsraili onun özünümüdafiə hüququnda dəstəkləməyə davam edirik”, - deyə Ağ Evin adı açıqlanmayan nümayəndəsi bildirib. Onun sözlərinə görə, İsrailə hərbi yardım göstərilməsi üçün şərtlərin qoyulması ABŞ-nin siyasətinə uyğun gəlmir.