Türkiyədə səsvermə başa çatıb, seçki insidentlərində 3 nəfər ölüb

İlkin səsvermə nəticələrinin axşam saatlarında açıqlanacağı gözlənilir

Seçkidə ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparır.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, bəzi olaylar istisna ilə, seçkilər problemsiz başa çatıb. . Eyni zamanda səslərin sayılması prosesinin davam etdiyini bildirib.

Reuters yazır ki, səsvermə zamanı bəzi insidentlər də yaşanıb, nəticədə 3 adam ölüb.

Yerli medianın yazdığına görə, olaylardan biri Diyarbəkir vilayətinin cənub-şərqində yerli hökumət başçısının seçilməsi ilə bağlı iki qrup vətəndaş arasında atışma başlayıb. Mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Vətəndaşlar dəyənək, daş və odlu silahdan istifadə edərək bir-birinə hücum ediblər. Bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bu və digər insidentlərin detalları barədə danışmayıb, amma olaylarda həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib.

İlkin səsvermə nəticələrinin axşam saatlarında açıqlanacağı gözlənilir.