Moskvaya mümkün terror hücumu barədə Tehran da məlumat veribmiş

Moskvada martın 22-də Crocus City Hall konsert zalında baş vermiş genişmiqyaslı terror aktının hazırlanması ehtimalı barədə Rusiyanı İran da xəbərdar edibmiş.
Bu barədə məlumatı üç mənbəyə istinadla Reuters agentliyi verib.
Agentliyin mənbələrindən biri Reuters-ə deyib:
"Hücuma bir neçə gün qalmış Tehran Moskvaya mümkün böyük terror aktı barədə məlumat ötürüb. Bu məlumatlar İranda partlayışlar təşkil etməkdə şübhəli bilindiyinə görə saxlanmış şəxslərdən alınıb”.
Son vaxtlar İranın tarixində ən böyük terror aktı yanvarın 3-də Kirmanda baş vermişdi.
O vaxt general Qassem Süleymaninin ölümünün idönümü mərasimində törədilmiş bomba partlayışlarında onlarla insan həlak olmuşdu.

Moskva İŞİD yox, Ukrayna izinə inanmaq istəyir

Bu da xəbər verilir ki, Rusiya hakimiyyət orqanları Moskvada baş vermiş hücumla İD-in əlaqəsi məsələsini şərh etmirlər.
Putin və başqa Rusiya rəsmiləri əksinə israr edirlər ki, terror hücumu Ukrayna ilə bağlıdır.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, o Tehranın bu məsələ barəsində Moskvaya xəbərdarlıq etməsindən xəbərsizdir.

Moskva Tehranın məlumatını da ciddi qəbul etməyib

Rusiya FTX-si ABŞ və başqa Qərb ölkələrindən belə xəbərdarlıqların alınmasını etiraf etsə də, bildirib ki, məlumatlar detallı olmayıb.
Reuters agentliyinin mənbələrindən biri qeyd edib ki, İranın Moskvaya ötürdüyü məlumatda mümkün hücumun məqsədi barədə informasiya yox idi.
Amma İran hakimiyyəti Moskvaya xəbərdarlıq edib ki, Velayəti Xorasan üzvləri böyük bir ehtimalla terror aktları törəmək məqsədilə Rusiyaya yola düşüblər.
Ən son məlumata görə Crocus City Hall konsert kompleksinə hücum nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb, daha 500 nəfər xəsaət alıb.
Bu hücumla əlaqədar şübhəli qismində 4 və onlara dəstəkdə şübhəli qismində daha bir neçə nəfər saxlanıb.
Onların əksəriyyəti Tacikistan vətəndaşlarıdır.
FTX aprelin 1-də məlumat verib ki, bu yaxınlarda Dağıstanda saxlanmış bir neçə nəfər konsert zalına hücumun maliyyələşdirilməsində və silahla təchizində şübhəli bilinir.

Tacik şübhəlilər

Reuters vurğulayır ki, həm İranın Kirman şəhərində, həm də Moskva hücumunda fiqurant kimi tacik millətindən olan şübhəlilər keçir.
Təhlükəsizlik ekspertləri deyirlər ki, İŞİD-X keçmiş Sovet İttifaqının ən yoxsul respublikalarından biri olan Tacikistandan çox sayda üzv səfərbər edir.
İslam Dövləti qruplaşması İslamın İranda hakim olan şiə məzhəbinə qarşı nifrətli mövqe tutur.
Bu ekstremist sünni qruplaşması şiələri kafir hesab edir.
2022-ci ildə İD İran ziyarətgahlarından birində törədilmiş partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü. Tehran 13 nəfərin həlak olduğu həmin hücumun da tacik millətindən olan şübhəli tərəfindən törədildiyini bildirmişdi.
Bundan əvvəl 2017-ci idə İran parlamentinini və İslam Respublikasının banisi ayətüllah Ruhulla Xomeyninin məqbərəsini hədəfləyən qoşa hücumlar üçün məsuliyyəti də İD öz üzərinə götürmüşdü.