Xarkov atəşə tutulur: Rusiyanın hədəfi, Ukraynanın çətinliyi - ŞƏRH
Rusiya Ukraynada apardığı hərbi kampaniya çərçivəsində Xarkov şəhərini yenidən intensiv raket atəşinə məruz qoyur.
2022-ci ilin fevralın 24-də Rusiya başlatdığı müharibə ilə Xarkovu hədəf seçmişdi, lakin sonra Moskva qoşunlarını bu istiqamətdən geri çəkmək məcburiyyətində qaldı.
Ancaq Xarkov indi də Rusiyanın raket və pilotsuz aparatlarla hücum hədəfinə çevrilib.
Rusiya Xarkovun kritik infrastrukturuna zərbələr endirir və mümkündür ki, bununla üç məqsədi göstərir:
- Donetsk və Luqansk vilayətlərindən Xarkov oxuna doğru əhəmiyyətli irəliləyiş əldə etmək,
- Ukraynanın, onsuz da, dağınıq olan qüvvələrinin əlavə cəbhələrə bölüşdürülməsinə nail olub, rəqibinin müdafiəsini zəiflətmək və öz qoşunlarının daha effektiv hücumlarını təşkil etmək,
- Ukraynanın məhdud hava hücumundan müdafiə sistemlərinin məsuliyyətini parçalayıb, digər istiqamətlərdəki hədəflərə atəş açmaq.
Ukrayna Prezidenti Volodimir Zelenskinin yaranmış vəziyyətlə əlaqədar verdiyi təsvir həmin fikirləri təsdiqləyir. Zelenski deyir ki:
- Rusiyanın Xarkova hücumları ölkənin, onsuz da, az olan hava hücumundan müdafiə vasitələrini yenidən bölüşdürməyə vadar edir,
- Bu hücumlar Ukraynanın canlı qüvvə və maddi imkanlarının bir hissəsini cəbhənin aktiv və kritik sektorlarından uzaqlaşdırmağa məcbur edəcək.
Göründüyü kimi, Ukrayna təkcə hava hücumundan müdafiə sistemlərinin qıtlığından əziyyət çəkmir.
Kiyev, eyni zamanda, orduda şəxsi heyət çatışmazlığı, müdafiə imkanlarını gücləndirəcək digər silahların azlığı ilə üzləşib.
Hərçənd, ABŞ Ukraynanın mövcud hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün fövqəladə səylər göstərir, amma bunlar Ukraynanı Rusiyanın zərbələrindən qorumaq üçün yetərli deyil.
Proqnozlaşdırmaq olar ki, əgər Ukrayna cəbhənin qeyd olunan istiqamətində müqavimət göstərə bilməsə, onda Rusiya Xarkov şəhərini ələ keçirmək üçün əməliyyat dinamikasını daha da gücləndirəcək.
Rusiyanın hücumları davamlı və intensiv olacaqsa, Ukraynanın hərbi resurslar baxımından durumu gərginləşəcək və Rusiya qüvvələri ilə təmas xətlərinin yerləri Kiyevin zərərinə dəyişəcək.
Aqşin Kərimov