Yeni Kaledoniyada Fransa əleyhinə aksiya: Afişanın əsas loqosu kimi İlham Əliyevin “dəmir yumruğ”u seçilib
Aprelin 13-də Yeni Kaledoniyada Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirilib.
“Report” xəbər verir ki, Yeni Kaledoniyanın Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzi (YFKM) tərəfindən paytaxt Noumeanın “Sülh” adlandırılan əsas meydanında təşkil edilən etiraz aksiyasında 30 000-dən çox insan iştirak edib.
Aksiyanın proqramına əsasən, adət-ənənələr ritualları həyata keçirilib, müstəqillik tərəfdarlarının siyasi liderləri və YFKM-in nümayəndələri çıxış ediblər. Daha sonra “Sülh” meydanından yürüş keçirilib.
Etiraz aksiyasının afişasının əsas loqosu kimi Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir yumruğu” seçilib. Bundan əlavə, Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını mərkəzi meydanda qaldırıblar.
Çıxış edən YFKM-in nümayəndəsi Dominik Foşi layihənin Senatda keçməsi səbəbindən vəziyyətin gərgin olduğunu, Fransa dövlətinə yerli Kanak xalqı ilə razılaşdırmadan bunu etməməyə çağırış edib, əks təqdirdə mövcud olan sülh tarazlığına xələl gətiriləcəyini vurğulayıb.
Maraqlıdır ki, Fransadan köçən şəxslər belə yerli Kanak xalqının hüquqlarına hörmət edilməli olduğunu bildirir. Məsələn, 1993-cü ildən Fransadan Yeni Kaledoniyaya köçmüş Klaude Ayro Fransa Hökumətinin addımları ilə bağlı qeyd edib ki, “düşünürəm ki, Kanak xalqına hörmət etmək lazımdır, bizim buraya köç etdiyimizi qəbul etmək lazımdır.”
Ümumiyyətlə, son günlər Yeni Kaledoniyada Fransa hökumətinə qarşı etirazlar səngimək bilmir. Aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası Senat Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verib. Həmin layihəyə görə Fransanın özünün Yeni Kaledoniyaya məqsədli şəkildə köçürülmüş insanlar səsvermə hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli Kanak xalqını öz ölkəsində azlıq təşkil etməsini təmin etməkdir.
Qeyd edək ki, Fransa hökuməti öz kolonial hökmranlığını Yeni Kaledoniyada saxlamaq üçün buraya əlavə polis qüvvələrini ezam edib.