Ukraynaya 60 milyard dollarlıq yardım paketi Nümayəndələr Palatasından keçdi

ABŞ Konqresinin Nümayəndələr Palatası aylarla davam edən mübahisə və müzakirələrdən sonra nəhayət aprelin 20-də Ukraynaya yardım paketini qəbul edib.

Bu məbləğ İsrail və Tayvan da daxil Vaşinqtonun müttəfiqlərinə dəstəyi nəzərdə tutan toplam 95 milyard dollarlıq vəsaitə daxildir.

Bu vəsaitdən Ukraynaya demək olar 61 milyard dolların ayrılması nəzərdə tutulur.

Bu qanun layihəsinin leyhinə 311, əleyhinə isə 112 səs verilib. 101 respublikaçı qanunun leyhinə, 112 respublikaçı isə əleyhinə səs verib.

Layihədə nəzərdə tutulduğuna görə Kiyevə Rusiya təcavüzünün dəf edilməsi üçün silahlar və başqa dəstək vasitələri veriləcək.

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda keçirilmiş səsvermənin nəticəsini alqışlayıb və bəyan edib ki, bu addım minlərlə insanın həyatını xilas edəcək:

"Biz ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və prezident Baydenin masasına göndəriləcək. Çox sağ ol, Amerika!”

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə özünün teleqram kanalında yazıb ki, “Birləşmiş Ştatların Ukraynaya, İsrailə və Tayvana hərbi yardım ayırmaları dünya böhranlarını daha da dərinləşdirəcək”.

Zaxarova Ukraynaya yardımı “terrorçu fəaliyyətə birbaşa dəstək” adlandırıb.

Aprelin 20-də səsə qoyulan paketə ümumilikdə dörd qanun layihəsi daxil idi. Ən mühafizəkar respublikaçıların müqavimətinə baxmayaraq qanun layihələrinin hamısı geniş ikipartiyalı dəstəklə qəbul olunub.

Bundan sonra sənədlər paketi səsə qoyulmaq üçün Senata göndəriləcək. Nümayəndələr Palatasından fərqli olaraq Senatda demokratlar çoxluğa malikdirlər.

Gözlənildiyinə görə Senat paketi gələn həftə qəbul edəcək və imzalanma üçün prezident Co Baydenə göndərəcək.

Prezident Bayden artıq buna qədər senatorları layihələri mümkün qədər tez qəbul etməyə çağırıb.