Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb
Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib.
O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib.
Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında baş verib. İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində 5 nəfər ölüb, daha 11 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Qeyd edilir ki, istintaqa hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, qəzadan əvvəl sürücü əyləclərin sıradan çıxdığını bildirib. O, avtobusu dayandırdıqdan sonra təkərlərin altına bir şey qoymaq üçün nəqliyyat vasitəsini tərk edib. Lakin avtobus yol kənarındakı maneəyə çırpılaraq, xəndəyə aşıb. Ekspertiza sürücünün ayıq olduğunu müəyyən edib.
İbtidai istintaq davam edir.
Mənbə: Ermənistan KİV