"Empoli" "Roma" ilə oyunun sonunda qələbə qazanaraq, A Seriyasında qala bildi

İtaliya A seriyasının son turunda "Empoli" və "Roma" qarşılaşması başa çatıb.

Lim10.az xəbər verir ki, oyun "Karlo Kastellani" stadionunda (Empoli, İtaliya) baş tutub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 13-cü dəqiqəsində "Empoli"nin yarımmüdafiəçisi Matteo Kançelyeri hesabı açıb. Ona hücumçu Emmanuel Qyasi köməklik edib. Qonaqlar 19-cu dəqiqədə qol vursalar da, VAR-ın yoxlamasından sonra Brian Kristantenin qolu qəbul edilməyib. Matçın 45+1-ci dəqiqəsində "Roma"nın yarımmüdafiəçisi Ussem Auar müdafiəçi Anhelinyonun ötürməsi ilə hesabı bərabərləşdirib.

Matçın 90+3-cü dəqiqəsində "Empoli" qələbə qolunu vurub: hücumçu M"Baye Nyanq Kançelyerinin ötürməsindən fərqlənib.

Bu qələbədən sonra "Empoli" 36 xal toplayaraq 17-ci yeri tutub ki, bu da komandaya turniri tərk etməməyə və növbəti mövsüm A Seriyasında çıxışını davam etdirməyə imkan verir. "Roma" 63 xalla altıncı pillədə qərarlaşıb.

"İnter" 2023/2024 mövsümü üçün A Seriyasının çempionu olub. Simone İnzaqinin yetirmələri 38 matçda 94 xal toplayıb.