Xüsusi nümayəndəlik: "Azad edilən Şotlanlı kəndinin ən qısa zamanda inşasına başlanılacaq"

Ağdamın işğaldan azad edilən Şotlanlı kəndinin ən qısa zamanda inşasına başlanılacaq.

"Report"un əraziyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin baş məsləhətçisi Ümid İsazadə deyib.

O bildirib ki, bu günə qədər Şotlanlı kəndi üzrə 606 ailənin 2 542 nəfər üzvü rəsmi qeydiyyatdadır.

Baş məsləhətçinin sözlərinə görə, Şotlanlı kəndinin inşası zamanı yaxınlıqda olan Umudlu kəndi də bərpa layihəsində yer alır. Müasir tələblərə cavab verən səviyyədə inşa olunacaq kəndin layihələndirilən ərazisi 197,4 hektar təşkil edir.

Ü.İsazadə kəndə köçürüləcək əhalinin sayına da aydınlıq gətirib:

"Şotlanlı kəndinə 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. İnzibati binalar və ictimai iaşə obyektlərinə gəlincə, 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, məişət xidməti obyekti, kənd meydanı, bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu tikiləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən mayın 28-də Ağdam rayonunun işğaldan azad edilən Şotlanlı kəndinin təməli qoyulub.