İlon Mask "Tesla"dan ayrıla bilər

"Tesla"nın İdarə heyətinin sədri Robin Denholm səhmdarlara müraciət edərək baş direktor İlon Maska 56 milyard dollarlıq təzminat paketi ödəmək təklifini dəstəkləməyə çağırıb.

Səhmdarlar Maskı baş icraçı direktor olaraq saxlamaq üçün əhəmiyyətli bir məbləği yığmaq və ya iyunun 13-də onu itirmək riski arasında seçim etməli olacaqlar. Bu, ikinci səsvermə olacaq - birinci səsvermə Delaver hakimi tərəfindən ləğv edilib.

Müraciətində Denholm Maskın xüsusən də onun süni intellektin və pilotsuz avtomobillərin inkişafına verdiyi töhfələr fonunda lider kimi unikal keyfiyyətlərini və onun "Tesla"nın gələcək inkişafı üçün əhəmiyyətini qeyd edib.

Denholm, təzminat paketi ödənilmədiyi təqdirdə İlon Maskın motivasiyasını itirə və başqa yerə gedə biləcəyini bildirib. Səhmdarlar mükafat ödəməyə razılaşsalar, bu Maskı müasir tarixdə ən yüksək maaş alan rəhbər edəcək.

Sədr qeyd edib ki, 56 milyard dollarlıq səsvermə pulla bağlı deyil. Onun sözlərinə görə, İlon Mask artıq planetin ən zəngin insanlarından biridir və "Tesla" mükafat ödəməsə belə, bu belə olaraq qalacaq.

Mənbə: The Verge