"ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənipərəstlər tərəfindən Azərbaycana qarşı növbəti dəfə haqsız, ədalətsiz bir iddia irəli sürülüb".
Bu sözləri Lim10.az-a açıqlamasında ABŞ Konqresində müzakirəyə çıxarılan qərəzli qətnamə layihəsini şərh edən zaman "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov deyib.
O qeyd edib ki, qətnamə ilə bağlı qərar verənlərin çoxunun heç Azərbaycanın xəritədəki yeri barədə təsəvvürü yoxdur:
"Qətnamə layihəsində iddia edirlər ki, guya erməniləri Qarabağda yurd-yuvalarından didərgin salmışıq. Halbuki, son antiterror tədbirlərindən sonra onlar könüllü şəkildə ölkəni tərk ediblər.
Azərbaycana qarşı bu cür əsassız iddialar vaxtaşırı Konqresdə müzakirəyə çıxarılır. Erməni lobbisinin pullarından bəhrələnən, Azərbaycanın, Qarabağın tarixini bilməyənlər, harada yerləşdiyini xəritə üzərində tapa bilməyənlər Azərbaycanla bağlı qətnamə çıxarmaq fikrinə düşürlər.
Onların çoxunun nə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmələrdən, nə də ümumiyyətlə bölgədəki reallıqlardan xəbəri var".
"Düşünürəm ki, ABŞ-nin Azərbaycandakı səfirliyi fəaliyyətinə nəzər salmalıdır. Səfirliyin işi Azərbaycanda oturub, bayramdan-bayrama bir neçə QHT və eksperti yığıb, ziyafət verib yola salmaq deyil. Səfirlik uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və oradakılar çox gözəl bilirlər ki, ermənilər Qarabağı məcburi, yoxsa könüllü şəkildə tərk ediblər. Bununla bağlı kifayət qədər faktlar, videogörüntülər var. Belə davam edərsə, mən düşünürəm, Azərbaycan və ABŞ arasında olan münasibətlərə yenidən baxmaq lazım gələcək", - deyə T.Qasımov əlavə edib.
Nəzrin Vahid