İyulun 3-4-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında növbəti görüş keçirilib.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev iki ölkə prezidentlərinin bu görüşünün nəticələri və əhəmiyyəti barədə Lim10.az-a müsahibə verib:
- Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərindən cəmi iki ay keçir. Hansı məsələlər Rusiya və Azərbaycan liderləri arasında yeni görüşün keçirilməsini zəruri etdi?
- Rusiya Prezidenti Vladimir Putinin çox düzgün olaraq vurğuladı ki, əgər biz hər ay görüşsəydik belə, yenə də danışacaq çox şeylər olardı. Bu gün ölkələrimiz arasında fəal əməkdaşlıq nəticəsində yaranan işlərin həcmi belədir. Üstəlik, bu qarşılıqlı əlaqə bütün səviyyələrdə - rəhbərlərimiz arasında, dövlət qurumları tərəfindən, biznes və qeyri-kommersiya təşkilatları çərçivəsində, mədəniyyət xadimləri və sıravi vətəndaşlar arasında həyata keçirilir. 2022-ci il fevralın 22-də Rusiya və Azərbaycan tərəfindən imzalanmış Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə 2024-2028-ci illər üçün yeni Yol Xəritəsinin müddəalarının, bütün sahələrdə uzunmüddətli birgə layihələrin həyata keçirilməsi üçün etibarlı əsasdır. Üstəlik, liderlərimiz müxtəlif forumlarda keçirdikləri səmərəli və mütəmadi görüşləri ilə, qarşılıqlı səfərləri və çağırışları ilə bu əməkdaşlığın ən müsbət dinamikasının əsasını qoyurlar. Deyə bilərik ki, İlham Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycanın birgə plan və layihələrinə, yüksək səviyyədə həllini tələb edən istənilən məsələlərə hər cür dəstək verirlər. Təbii ki, prezidentlərimizin yeni görüşü də istisna olmadı, beynəlxalq ekspertlər bunu artıq gələcək birgə planların həyata keçirilməsi üçün çox faydalı görüş adlandırdılar. Danışıqlar geniş spektri əhatə edirdi - qlobal və regional təhlükəsizlikdən tutmuş konkret əməkdaşlıq layihələrinə qədər.
- Rusiya və Azərbaycan prezidentlərinin görüşündə əsas məsələlərdən biri də ölkələr arasında qarşılıqlı ticarət-iqtisadi fəaliyyət olub. Bunun inkişafını necə qiymətləndirirsiniz, hansı perspektivləri qeyd edə bilərsiniz?
- Hər iki liderimizin qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı çox müsbət haldır. İclasda təqdim olunan statistik məlumatlara görə, ölkələrimiz arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb, Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiya isə 4,5 milyard dollara yaxın olub. Üstəlik, Vladimir Vladimiroviçin sözlərinə görə, ilin birinci yarısında ticarət dövriyyəsinin artımı artıq 13 faizə çatıb. Milli valyutalarla qarşılıqlı hesablaşmalarda da davamlı artım müşahidə olunur. Bu, Rusiyanın Azərbaycana ixracı üzrə hesablamaların təxminən yarısı, Azərbaycanın Rusiyaya ixracı üçün isə 70%-dən çoxunu təşkil edir ki, bu da ticarətin səmərəliliyini artırır və dollardan, deməli eyni zamanda mənfi xarici təsirlərdən asılılığı azaldır. Rusiya ilə Azərbaycan arasında sənaye əməkdaşlığı da genişlənir - bu sahədə çoxsaylı birgə layihələr tezliklə tamamlana bilər, məsələn, Rusiya istehsalı olan avtomobillərin Azərbaycanda yığılması.
Əlbəttə, hələ çox işlər görülməlidir, xüsusən də ölkələrimiz arasında nəqliyyat və logistika əlaqələrinin inkişafı ilə bağlı. Bu məsələlər hazırda intensiv şəkildə təhlil edilir. Misal üçün, prezidentlərin Astana görüşündə, Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinin inkişafı məsələsi müzakirə edilib. Təbii ki, Şimal-Cənub nəqliyyat-logistika dəhlizinin qlobal layihəsinin həyata keçirilməsində irəliləyişlər də təsirsiz ötüşmədi. İlham Əliyev xüsusilə Azərbaycan tərəfinin gələcək dəhlizin bütün tərəflərin xeyrinə işləyə bilməsi üçün öz ərazisində genişmiqyaslı yenilənmə və infrastrukturun genişləndirilməsi əzmində olduğunu bildirdi.
- İlham Əliyev humanitar əməkdaşlığı Rusiya ilə Azərbaycan arasında səmərəli qarşılıqlı fəaliyyət üçün daha bir əsas adlandırıb. Bu sahədə son zamanlar hansı layihələr diqqətinizi çəkib?
- Rusiya və Azərbaycan səmərəli humanitar əməkdaşlıq üçün ən etibarlı bazaya malikdirlər. Söhbət ölkələrimizin çoxillik və etimada əsaslanan münasibətlərindən, xalqlarımızın xüsusi yaxınlığından gedir. Görüşdə bildirilib ki, Azərbaycanda bir milyona yaxın uşaq rus dilini ikinci dil kimi öyrənir, rus dilində təhsil alır. Bu, bizim qarşılıqlı anlaşmamızın gələcəkdə də qalacağına, əlaqələrimizin bundan sonra da fəal şəkildə inkişaf edəcəyinə zəmanətdir. Üstəlik, hamıya məlumdur ki, İlham Əliyev respublikada rus dilinin və mədəniyyətinin dəstəklənməsinə şəxsən böyük diqqət yetirir. Belə bir dostluq münasibəti qiymətləndirilməyə bilməz və Vladimir Putin də bunu minnətdarlıqla qeyd etdi. Bütün bunlardan başqa bu il Azərbaycanda dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin yubileyinə həsr olunmuş bir sıra mədəni-maarif tədbirlərinin keçirilməsi ilə əlamətdardır. Həmçinin rus dili üzrə olimpiada və bir çox digər layihələr - mədəniyyətlərimizi yaxınlaşdırmaq, onu zənginləşdirmək üçün nəzərdə tutulmuşdur. İyun ayında Bakıda Rusiya Mədəniyyəti Günləri böyük müvəffəqiyyətlə keçirildi: "Rus klassikası" qala-konserti, teatr nümayişi, vokal və aktyorluq sənəti üzrə master-klaslar və sair.
Öz növbəsində, rusiyalılar Moskva, Sankt-Peterburq və Rusiya regionlarında çıxışları həmişə anşlaqla başa çatan azərbaycanlı ifaçıların və qrupların müntəzəm qastrol səfərlərini böyük məmnuniyyətlə qarşılayırlar.
- ŞƏT-in son sammitinin mövzusu "Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq" idi. Sizcə, bu məsələlərdə Rusiya və Azərbaycanın mövqeləri yaxındırmı?
- Mən daha çoxunu deyəcəyəm: illər ərzində sübuta yetirilən ölkələrimiz arasında güclü və hərtərəfli dialoq dövlətlərin ümumi, qarşılıqlı zənginləşən inkişaf yolu, siyasət və iqtisadiyyat, təhsil, mədəniyyət və bir çox sahələrdə sıx əməkdaşlıq üçün etalon rolunu oynaya bilər. İstər Cənubi Qafqaz regionunda, istərsə də bütövlükdə Avrasiyada davamlı sülhə can atmaq məsələlərində Rusiya ilə Azərbaycan arasında da tam qarşılıqlı anlaşma var. Rusiya və Azərbaycan beynəlxalq arenada bir-birinin mövqelərini fəal şəkildə dəstəkləyir və həm ŞƏT çərçivəsində, həm də digər beynəlxalq platformalarda qlobal təhlükəsizliyin qorunması məsələlərində intensiv əməkdaşlıq edirlər. Yəni, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqə bu gün həmişə olduğu kimi, həqiqətən səmimi müttəfiqlikdir, qarşılıqlı hörmət və bərabərlik əsasında qurulub və təbii ki, çoxdankı isti dostluq münasibətləridir.
Nair Əliyev