Bu gün Azərbaycanda diplomatik xidmətlərin yaranmasının 105-ci ili qeyd olunur.
Ölkənin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat 1919-cu il iyulun 9-da müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hakimiyyəti dövründə qəbul edilib.
Milli diplomatiyanın AXC-nin yaradılmasında və müasir dövrdə müstəqil Asərbaycanın quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı iyulun 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycan dünyanın 170-ə yaxın ölkəsi ilə diplomatik münasibətlər qurub. Respublikanın diplomatik missiyaları 60-dan çox ölkədə fəaliyyət göstərir. Bakıda isə 56 dövlətin səfirliyi və beynəlxalq təşkilatların nümayəndəlikləri akkreditə edilib.
Modern.az günün aktuallığını nəzərə alaraq, indiyə qədər olan Azərbaycanın baş diplomatları haqqında araşdırma edib.
1918-ci il mayın 27-də Sеymin azərbaycanlı dеputatları fövqəladə iclas çağırıb Azərbaycan Müvəqqəti Milli Şurası yaradıldığını еlan еdib. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyəti еlan еdilib və M.Hacınski Azərbaycanın ilk xarici işlər naziri vəzifəsinə təyin edilib. (28 may 1918 - 6 oktyabr 1918). M.Hacınski Azərbaycan parlamеntinin dеkabrın 28-də kеçirilmiş iclasında Paris sülh danışıqlarında iştirak еdəcək nümayəndə hеyətinin tərkibinə daxil edilib.
Daha sonra onu Fətəli xan Xoyski əvəz edib. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinetində xarici işlər naziri olub. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında onun əsaslı xidmətləri olub.
Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulub. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının "Cəbrayıl" adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycanın pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanıb. Amma onun fəaliyyəti cəmi 3 ay davam edib (26 dekabr 1918 - 14 mart 1919).
Xoyksini Məmməd Yusif Cəfərov əvəz edib. 1919-cu il aprеlin 14-də M.Cəfərov N.Yusifbəylinin sədirlik etdiyi yеni hökumətdə xarici işlər naziri vəzifəsini tutub. O, bu vəzifədə 1919-ci il dеkabrın 22-nə kimi fəaliyyət göstərib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra baş diplomat postunu Nəriman Nərimanov tutub. (28 aprel 1920 - 2 may 1920). O isə cəmi bir neçə gün işləyə bilib. Daha sonra onun vəzifəsi Mirzə Davud Hüseynova həvalə edilib.
1921-1944-cü illərdə nazirlik ləğv olunub və xarici əlaqələr Moskva vasitəsilə həyata keçirilib.
SSRİ dönəmində Azərbaycanın xarici işlər naziri postuna bir neçə dəfə təyinat aparılıb. Mahmud Əliyev (1944 - 1958), Tahirə Tahirova (1959 - 1983), Elmira Qafarova (1 dekabr 1983 - 22 dekabr 1987) və Hüseynağa Sadıqov (23 yanvar 1988 - 29 may 1992) ölkəmizin baş diplomatı funksiyasını yerinə yetiriblər.
Müstəqillik dövrünün xarici işlər nazirləri
Hüseynağa Sadıqov müstəqil Azərbaycanın ilk xarici işlər naziridir. O, Azərbaycan Rеspublikasının ATƏM-ə üzv olması üçün gеniş diplomatik fəaliyyət göstərib.
1992-ci ildə ona Azərbaycan Rеspublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcəsi vеrilib. H.Sadıqov 1992-ci ilin iyun ayında Azərbaycan Rеspublikasının Almaniya, İsvеçrə, Niderland və Lüksеmburqda fövqəladə və səlahiyyətli səfiri təyin еdilib. O, Azərbaycanın Avropa ölkələrində ilk səfiri olub və Azərbaycan ilə həmin ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin təşkili və inkişafı, o cümlədən bir sıra Avropa ölkələrində Azərbaycan diasporunun formalaşmasında böyük xidmətlər göstərib.
Bir müddət sonra H.Sadıqovu Tofiq Qasımov əvəz edib. O cəmi bir il nazir olaraq işləyə bilib (4 iyul 1992 - 26 iyun 1993).
T.Qasımovun vəzifədən gedişindən sonra Həsən Həsənov təyinat alıb. H.Həsənov 5 il nazir qala bilib (2 sentyabr 1993 - 16 fevral 1998).
H.Həsənovdan sonra baş diplomat postuna Tofiq Zülfüqarov gətirilib. 1998-ci ilin yanvar ayında Prezident Heydər Əliyevin fərmanı ilə Tofiq Zülfüqarova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. O, 1998-ci il martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub.
1999-cu ilin oktyabr ayının 25-də Tofiq Zülfüqarov Azərbaycana edilən təzyiqlərə etiraz olaraq istefa verib.
T.Zülfüqarovdan sonra nazir vəzifəsinə Vilayət Quliyev gətirilib. O, 26 oktyabr 1999-cı ildə yüksək vəzifəyə təyinat alıb. V.Quliyev 7 aprel 2004-cü ildə tutduğu vəzifədən azad edilib.
V.Quliyevi Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Məmmədyarov əvəz edib. O, 2004-cü ildən 2020-ci ilə qədər fəaliyyət göstərib.
Hazırda isə Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsini Ceyhun Bayramov həyata keçirir. Onun diplomatik xidmətləri Azərbaycanın şanlı Qarabağ müharibəsi dövrünə təsadüf edib. Eyni zamanda Ermənistan tərəfi ilə sülh danışıqları onun dövründə aparılır.