Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək

Prezident İlham Əliyev Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Fərmana əsasən, Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunur və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin iki misli miqdarında müəyyən edilir.

Müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarında müəyyən edilir.