Naxçıvanın statusunun ləğv edilməsini istəyənlərə bir xatırlatma...

SƏXAVƏT  ƏLİSOY

Son zamanlar sosial şəbəkələrdə Azərbaycanın unitar dövlət olduğunu, Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv edildiyini əsas gətirib Naxçıvanın Muxtar Respublika statusunun dəyişdirilməsi barədə fikirlər tirajlanır.
Hələ ki, rəsmilərdən kimsə bu məsələyə münasibət bildirməyib, danışan FB fəalları və bəzi siyasətçilərdir.


Bu, çox ciddi bir məsələ, Ana Yasa dəyişikliyi hər hansı bir FB fəalının, jurnalistin, ya da özünü "hərşeyşünas" sayan mikroskopik bir siyasi partiya yetkilisinin altına girəcəyi yük deyil.
Çox ciddi müzakirələrə, mütəxəssis fikirlərinə və gələcəyə yönəlik addımlar atmağa ehtiyac var.
Ən başlıcası, bu məsələnin bu gün gündəmə gətirilməsi yanlışdır, bəlli bir zamana ehtiyac var.
44 günlük Zəfərlə sonuclanan müharibədən 2 il keçməyib.
Qarşıda soydaşlarımızın yurda qayıdışı və təbii ki, qayıdışdan öncə o məkanların təhlükəsiz duruma gətirilməsi önəmli bir şərtdir.
Sonra Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığına adaptasiyası üçün siyasi təminatların verilməsi proseduru gəlir.
Daha sonra Ermənistan ilə ikitərəfli Sülh və siyasi-iqtisadi müqavilələr imzalanmalıdır.
Zəngəzur koridoru proyekti Azərbaycan və Ermənistan tərəfindən ikitərəfli qaydada gerçəkləşməlidir.
Bu müqavilələrə rəğmən Qarabağ ərazisində yaşayan ermənilərin təhlükəsiz yaşamına təminat verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının blokadasına da son qoyulmalıdır.
Yalnız bu problemlər həllini tapdıqdan sonra Naxçıvanın Muxtar Respublika statusunun ləğvi barədə müzakirələr açmaq olar.
Təkcə Naxçıvanı deyil, cümlə Azərbaycanı belə özünün bir əyaləti hesab edən İran və müharibədən məğlub çıxmasına baxmayaraq, havadarlarına rəğmən manevrlər etməkdə olan, qisasçılıq eşqi ilə yaşayan Ermənistan varsa, Naxçıvanın statusunu dəyişmək yox, Qars Müqaviləsinin müddətinin uzadılması barədə düşünmək gərək.
Sadə dillə yazıram, Naxçıvanın ərazi bütövlüyünü və orada yaşayanların tam təhlükəsiz yaşamını təmin etmədən, Muxtar Respublika statusunun ləğvinin həddən ziyadə acı nəticələri ola bilər.
İran və Ermənistan əməkdaşlığının yüksələn xəttlə inkişafı bəlli. Gələcəkdə onlar arasında hərbi ittifaq da mümkündür.
Odur ki, ən azı 50 il sonraya hesablanmış addımlar atılmalıdır.
Ermənistanın məğlubiyyətlə barışacağını, İranın eyni dinə mənsub olduğumuz üçün dar məqamda bizə qucaq açacağına inanmaq xam bir xəyaldır.
Azərbaycanın tək dostu da, qardaşı da Türkiyədir!
Unutmayaq, Qars müqaviləsinin əhəmiyyətini azaltmaq, onu gözdən çıxarmaq bizə çox ağır zərbələr vurar.
Dövlətin unitar olduğunu vurğulamaqla Naxçıvanın statusunun ləğvini məhz BU GÜN ortaya atanlar ya, sadəlövh, ya da, Dövlətin əleyhinə yazılmış bir ssenarinin muzdlu aktyorlarıdir.
Vəssalam!