Ceyranbatan anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda Ceyranbatan anbarında suyun səviyyəsi 27.49 metr, həcmi 171.37 milyon kubmetrdir:
"Keçən ilin müvafiq dövründə suyun səviyyəsi 24.64 metr, həcmi isə 135.35 milyon kubmetr olub".
Vurğulanıb ki, ötən ay gölün səviyyəsi 27,87 metr olub:
"Yay aylarında suya tələbat çox olduğundan gölün səviyyəsi günə bir santimetr düşür. Bizim qurğular gölün 18 metr hündürlüyündən suyu götürür. Yay aylarında suyun götürülməsi norma həddindədir.
Bu göstəricilər yay ayları üçün normal hesab olunur".