Səhranı dəmir yolla fəth edən Çin: Afrikada yeni xəritə cızılır

Əlcəzairin Qərbi Mədən Dəmir Yolu – Afrikada səhradan keçən və ağır yüklərin daşınması üçün nəzərdə tutulan ilk dəmir yolu xətti istifadəyə verilib. Bu layihə Əlcəzairin milli dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsinə, eləcə də ölkənin cənub-qərb bölgələrində nəqliyyat əlaqələrinin və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək. Bu barədə “Sinxua Xəbərləri” məlumat yayıb.

Lim10.az xəbər verir ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun dəmir yolunun istismara verildiyini bazar günü ölkənin cənub-qərbində yerləşən Beşşar vilayətində keçirilən rəsmi mərasimdə elan edib.

Ümumi uzunluğu 950 kilometr olan dəmir yolunun 575 kilometrlik hissəsi Çin Dəmir Yolu Tikinti Korporasiyası (CRCC) və Əlcəzairin dövlət şirkətləri tərəfindən inşa edilib. Layihə Çin şirkətinin Əlcəzairdə həyata keçirdiyi ən iri infrastruktur layihəsi hesab olunur.

Səhranın çətin iqlim şəraitinə baxmayaraq, 8000-dən çox Çin və Əlcəzairli işçi layihənin tikintisini 24 ay ərzində uğurla başa çatdırıb, yerli dəmir yolu tikintisi sahəsində mühüm nailiyyətlər və yeni rekordlar əldə ediblər.

Yerli KİV-in məlumatına görə, yeni dəmir yolu xətti ildə 50 milyon ton dəmir filizinin daşınmasını təmin etməklə yanaşı, sərnişin daşımalarına da xidmət edəcək və marşrut boyunca yaşayan əhali üçün nəqliyyat imkanlarını xeyli asanlaşdıracaq.

Analitiklərin fikrincə, Afrikada səhradan keçən ilk ağırtonnajlı dəmir yolunun istifadəyə verilməsi təkcə nəqliyyat layihəsi deyil, Çinin qitədə artan iqtisadi və geosiyasi təsirinin açıq göstəricisidir. Bu xətt Əlcəzairin zəngin yeraltı sərvətlərini, xüsusilə dəmir filizini limanlara və qlobal bazarlara daha sürətli və ucuz şəkildə çıxarmağa imkan yaradır, eyni zamanda ölkənin cənub-qərb bölgələrini iqtisadi dövriyyəyə cəlb edir. 50 milyon tonluq illik yük potensialı Əlcəzairi Afrikanın əsas xammal-logistika mərkəzlərindən birinə çevirə, Çin üçün isə xammala təhlükəsiz çıxış və “Bir kəmər – bir yol” strategiyasının Afrikadakı dayaqlarını gücləndirə bilər. Bu hadisə həmd də Afrikada dəyişən güc balansının simvolu kimi maraq doğurur.

Miri