Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Mirzə oğlu Laçınov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Bu barədə Lim10.az-a hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs olunub.
Bizim.media-nın əldə etdiyi məlumata görə, Rəhim Laçınov Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
İstintaqın gedişi zamanı məlum olub ki, Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub.
Digər etibarlı mənbələrdən əldə olunan məlumata görə isə, cinayət işinə iyulun 29-da Bakı Hərbi Məhkəməsində baxılıb və R.Laçınov barəsində həbs qərarı verilib.
Bundan əlavə, istintaqın gedişində Rəhim Laçınovun sözügedən əməlləri Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin qərargah rəisi, polkovnik Elmar Heybətqulu oğlu Məmmədovla birgə həyata keçirdiyi məlum olub. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar. Onlar 143 milyon manatlıq mənimsəmədə ittiham olunurlar. Məhkəmənin gedişində Rəhim Laçınov da şahid qismində dindirilmişdi.